15:03
(077) 610-22-33

12 illik təhsil şagirdlərə nə verəcək? – Ekspert şərhi

  • >
4 579 1 Oktyabr 2015 18:08 | Cəmiyyət

“12 illik sistemə keçmək təhsilimizin qərbdə tanınmasına kömək edəcək”.



Bu sözləri AzNews.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib. Onun sözlərinə görə, bu sistem bütün dünya ölkələrinin təhsilində tətbiq olunur: "Çox az ölkələr var ki, 12 illik təhsil sisteminə keçməyiblər. Digər ölkələrdə isə bu sistem tətbiq olunur. Biz də 2009-cu ildə "Təhsil haqqında" qanun qəbul olunmamışdan əvvəl müzakirələrdə tezliklə bu sistemə keçirilməsini vurğulamışdıq. Çünki bu həm qərb standartı olmaqla yanaşı, həm də bizim orta təhsil sənədinin qərbdə və Amerikada tanınmasına gətirib çıxaracaq. Yəni bu sistemin ən mühüm keyfiyyətlərindən biri orta təhsilin axırıncı 11 və 12-ci siniflərində təmayülləşmənin həyata keçirilməsi ilə bağlıdır. Hazırda bizim təhsil haqda olan sənədlərimiz dünyanın əksər ölkələrində tanınmır. Digər tərəfdən isə repetitor təhsili orta məktəbləri zəiflədib. Bu seçimdə təmayülləşmə sürətlə həyata keçərsə, əlbəttə bu xidmət də zəifləyə bilər. Bu isə orta məktəbdə tədrisi gücləndirə bilər".

Təhsil eksperti 11 illiyin gərgin təhsil sistemi olduğunu deyib: "12 illik sistemdə bir il tez mənimsənilmə prinsipi var. Amma 11 illik sistem isə şagirdlərin psixologiyasına çox ciddi təsir göstərir. Nəticədə dərsliklər, proqramlar, müəllimlər, daha çox isə şagirdlər həddindən artıq yüklənir. Ona görə də siniflər üzrə fənnlərin və saatların paylanması daha səmərəli və əhəmiyyətlidir".

Etibar Əliyev vurğulayıb ki, icbari təhsilin 10 il olması çox böyük əhəmiyyət kəsb edir: "Bu 10 illik icbari təhsil imkan verir ki, uşaqlar 9 illiyə nisbətən daha çox biliklər əldə etsinlər. Həmçinin 12 illik sistemə keçidin oğlanlar üçün daha böyük əhəmiyyəti var. Çünki bu sistem onların daha yetkin yaşında orduda xidmət etmələrinə şərait yaradacaq. Ona görə də biz bu sistemə təcili olaraq keçməliyik".

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov 12 illik təhsil sisteminə keçmək üçün bu istiqamətdə təhlillərin başlandığını, təhsil sistemi daxilində işlərin aparıldığını bildirib. Bunun üçün həm təhsilin məzmunu təhlil ediləcək, həm də təmayüllləşmənin tətbiqi genişləndiriləcək. Açıq məsələlərin qalmadığına əmin olduqdan sonra Təhsil Nazirliyi olaraq, müvafiq dövlət qurumları qarşısında bu təkliflə bağlı vəsatət qaldıracaq.

Sevinc Yasinqızı
Bağla X