1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi ilə bağlı məlumatlar maraqlı təəssürat yaradıb. 1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi ilə bağlı məlumatlar maraqlı təəssürat yaradıb.

Deputatlığa iddialı namizədlər - Montyor, kassir, meşəbəyi, rəngsaz, baytar, “zavxoz“...

1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi ilə bağlı məlumatlar maraqlı təəssürat yaradıb.


Modern.az saytı Dairə Seçki komissiyalarının qeydə aldığı deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi, fəaliyyət növü ilə maraqlanıb. Deputatlığa iddia edənlər arasında kimlər yoxdur... İşsizdən tutmuş fermeredək bir çoxları ölkənin 125 seçilənindən biri olmaq iddiasını ortaya qoyub. Amma onların bir çoxunun gerçəkdən də öz təşəbbüsü ilə seçki marafonuna qatıldığı şübhə doğurur. Məsələ burasındadır ki, bir çox yerlərdə "oyuncaq namizədlər" adlandırılan şəxslər qeydiyyatdan keçirilib ki, onların da arxasında icra başçılarının dayandığı bildirilir.

Gerçəkdən seçki mübarizəsinə qoşulan bəzi namizədlər deyrlər ki, icra başçılarının çaldığı havaya oynayan bir sıra əlaltı şəxslərin qeydiyyata alınmasında seçkilərdə çaşqınlıq yaratmaq, saxtakarlığa qol qoymaq kimi məqsədlər güdülür.
Yerlərdə heç bir nüfuzu, söz sahibi olmayan, topladığı imzaların həqiqiliyi şübhə doğuran, seçki qanunvericiliyindən bixəbər, yerli məmurların diqtəsilə hərəkət edən bu "namizədlər"in qeydiyyata alınması əslində seçki marafonuna həm də kölgə salır desək, yanılmarıq.

Qeyd etdiyimiz kimi, deputatlıq uğrunda meydana atılanlar arasında müxtəlif iş sahibləri var. Amma onların hansının "oyuncaq namizəd", hansının həqiqi seçki mübarizi olduğunu yerlərdəki seçici bizdən dagha yaxşı bilir.

Modern.az saytı bəzi seçki dairələrində maraqlı mənzərə yaratmış namizədlər haqda məlumatlarla oxucuları da tanış edir.

Beləliklə, 119 saylı Ağdam kənd seçki dairəsində qeydə alınmış namizəd, uşaq bağçasında tərbiyəi işləyən Şəbnəm Mehdiyevanın niyə deputatlıq iddiasına düşdüyü maraq doğurur.

118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmış Mənzil İstismar Sahəsində rəngsaz işləyən Sevindik Məmmədovun qanunvericilik sahəsindən anlayışının olub-olmadığını yəqin ki onu tanıyanlar daha yaxşı bilər.

117 saylı Oğuz-Qəbələ seçki dairəsində də maraqlı mənzərə yaranıb. Namizədlərin əksəriyyəti xəstəxana həkimləri və orta məktəb müəllimləridir. 7 illik Uşaq Musiqi Məktəbinin fortopiano müəlliməsi Zöhrə Abdullayevanın isə deputatlığa iddia edən namizədlər sırasına qoşulmaqda gerçək məqsədi seçkillərlə bağlı təbliğat-təşviqat zamanı agah olacaq.

Adil Mütəllibov Qəbələ rayon Mərkəzi Xəstəxanasında Qəbul şöbəsinin müdiridir. O, 1 noyabrda 116 saylı Qəbələ seçki dairəsində seçicilərdən səs istəyəcək deputatlığa namizədlərdəndir.

114 saylı Şəki kənd birinci seçki dairəsində deputatlığa namizədlərdən biri baytardır. Kamran Abdullayev adlı namizəd öz təşəbbüsü ilə iddiasını ortaya qoyub.

109 saylı Balakən seçki dairəsində isə mənzərə lap dramatikdir. Burada təssərüfat malları mağazasında satıcı işləyən Rövşən Xəlilov, diş həkimi Əliyar Şibliyev, 66 yaşlı təqaüdçü Məmməd Xanayev, oteldə inzibatçı işləyən Elvin Paçalov, orta məktəb müəlliməsi Sevinc Şirinova deputatlığa namizədlər kontingentini təşkil edənlərdəndir.

Rasim Qasımov Gədəbəy Mərkəzi rayon Xəstəxanasında el dili ilə desək "zavxoz" işləyir, o, həm də 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa iddia edən namizədlərdən biridir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin YAP-dan olan namizədi İlham Məmmədov Çaykənd Qızıl Balıq Artırma zavodunda çalışsa da, deputatlıq üçün də meydana atılıb.

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan Elçin Kazımovun əsas işi Dəmiryol Stansiyasında bilet satmaqdır – rəsmi olaraq bilet xəzinadarı.

98 saylı Şəmkir şəhər seçki dairəsində də namizədlərdən biri "zavxoz"dur. Elxan Məmmədov 4 saylı Körpələr evində təssərrüfat müdri işləyir.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizədlərdən biri Naftalan şəhərindəki "Çinar" sanatoriyasının xəzinədarı- kassiridir. İlham Mahmudov adlı bu şəxs seçkilərə öz təşəbbüsü ilə qoşulub.

95 saylı Tərtər seçki dairəsinin namizədi Malik Hüseynov Tərtər Rayon Telekommunikasiya İdarəsındə kabelçidir.

91 saylı Ucar seçki dairəsində mandat uğrunda mübarizə aparmaq üçün qeydə alınmış namizədlərdn biri elektrik montyor Sənan Talıbovdur.

Meşə gözətçisi işləyən İmamverdi Əzizov adlı namizəd 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa iddia edir.

90 saylı Ağdaş seçki dairəsində isə iş o yerə çatıb ki, İmamverdi Əzizov adlı meşəbəyi ilə yanaşı, hətta Pərviz Mustafayev adlı meşəbəyi köməkçisini də deputatlığa namizəd kimi rəsmən qeydə alıblar.

87 saylı Ağsu-İsmayilli seçki dairəsində namizədlərdən biri maşinist Zəka Şikarlı da 1 noyabr seçkilərində mandat uğrunda yarışacaq.

80 saylı İmişli-Beyləqan seçki dairəsində nə az, nə çox, düz 5 fermer seçki namizədidir. Namizədlərdən biri, "Həqiqət və reallıq" qəzetinin baş redaktoru İsrəfil Quliyev də 1 noyabrda həqiqəti axtaracaq deputatlığa iddialılardandır.

78 saylı Lerik seçki dairəsində seçkiyə qatılan namizədlərdən biri anbardardır. Raqib Məmmədov adlı bu şəxsin mandat qazanıb parlamentə düşmək imkanlarını Lerik seçiciləri daha yaxşı bilər.

75 sayli Lənkəran-Masalli seçki dairəsində deputatlığa namizəd Seymur Əzimov Qaz idarəsində nəzarətçi işləyir. Yəqin ki, o, parlamendə qanunvericiliyə nəzarətin zəif olduğunu düşünürək deputatlığa namizədliyini irəli sürüb. Yaxşı da edib...

Siyahını uzatmaq da olar. Demək olar ki, bütün dairələrdə qanunvericilikdən bixəbər, seçkilər haqda bilgisiz, Milli Məclisin hakimiyyətin hansı qoluna mənsub olduğunu anlamayan xeyli deputatlığa namizəd var. Əlbəttə, Konstitusiyaya görə, hər bir vətəndaşın seçmək, seçilmək hüquq var. Amma gərək reallığı, potensialını, bilik və bacarığını da nəzərə alıb meydana atılasan...