Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi Adına Dilçilik İnstitutunda aparılan yoxlamaların yekun rəyi bu həftə açıqlanacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi Adına Dilçilik İnstitutunda aparılan yoxlamaların yekun rəyi bu həftə açıqlanacaq.

AMEA-dakı 2 milyonluq yoxlamayla bağlı açıqlama – “Qərarı sədr verəcək”

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi Adına Dilçilik İnstitutunda aparılan yoxlamaların yekun rəyi bu həftə açıqlanacaq.

Bunu AzNews.az-a açıqlamasında Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli deyib. O, bildirib ki, Dilçilik İnstitunda yoxlamalar keçən həftə yekunlaşıb: "Aparılan yoxlama ilə bağlı sənədlər artıq sədrə təqdim olunub. Yoxlamanın yekun nəticəsi ilə bağlı qərarı da sədr verəcək. Ondan sonra yoxlamanın nəticəsi ilə bağlı rəsmi məlumat bu həftə açıqlanacaq. Bu səbəbdən indidən nəsə deyə bilmərik".

Xatırladaq ki, institutda yoxlamanı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə, akademiyanın üzvləri, hüquqşünasları, baş mühasib, işlər idarəsinin rəisi aparır.

İnstitutun direktoru Tofiq Hacıyev isə AzNews.az-a bildirib ki, yoxlama üzvləri ondan 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutuna Maddi texniki bazanın yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyonun hesabatını soruşurlar: "Mən instituta 2014-cü ildə, yəni instituta pul ayrılandan iki il sonra təyin edilmişəm. Maraqlı işdir: bunlar özləri 2 milyonu xərcləyiblər, hesabınısa məndən soruşurlar. İndi də gəlib mənim il yarımlıq nə işimi yoxlayırlar, bilmirəm. Niyə 2 milyonu xərcləyib indi də gəlib hesabını məndən soruşurlar, aydın deyil".

Qeyd edək ki, bir müddət əvvəl Tofiq Hacıyev tutduğu direktorluq postundan istefa vermişdi. Onun istefasına səbəb kimi institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevin müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi. Lakin bu yaxınlarda T.Hacıyev yenidən institutdakı vəzifəsinə geri qayıdıb. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirmişdi. Onun yenidən instituta qayıtması isə gərginliyi bir qədər də artırıb.

Sevinc Yasinqızı
AzNews.az