02:07
(077) 610-22-33

AZAL-ı kim alır?

  • >
2 988 13 Oktyabr 2015 08:59 | Cəmiyyət

Milli Məclis komitələrinin birgə iclasında "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi təklifi səsləndirilib.


AzNews.az xəbər verir ki, "Bizim Yol" qəzetinin əməkdaşı milli aviaşirkətin özəlləşdirilməsinin mümkünlüyü barədə 400-dən artıq ASC-də payçı, 20 ilə yaxın səhmdar təcrübəsi olan Vəzir Rəcəbovla söhbət edib. Cənab Rəcəbov milli aviaşirkətin özəlləşdirilməsini mümkün sayır: "Hərbi əhəmiyyətli və dövlətin ən çox strateji maraqları olan obyektlər istisna təşkil etməklə bütün müəssisələr özəlləşdirilə bilər, o cümlədən də AZAL-ın müəyyən strukturlarının dövlətsizləşdirilməsində problem olmamalıdır. Tam özəlləşdirilməsə də, müəyyən bir hissəsi dövlətin nəzarətindən çıxmalıdır. Uçuşlara nəzarətə dövlət strateji məsələ kimi baxırsa, bu səlahiyyəti özündə saxlamaqla, şirkəti dövlətsizləşdirmək mümkündür. O zaman monopoliya olmamalı, başqa aviaşirkətlərin ölkəyə gəlməsi də təmin edilməlidir. Bir çox ölkələr artıq bu prosesi keçib, nəqliyyat sektorunu, o cümlədən dövlətin nəzarətində olan aviaşirkətləri, dəmir yollarını özəlləşdirib. Amerikanın aviaşirkətləri misal gətirilir, uğursuz özəlləşdirmənin nəticələrindən bəhs edilir, amma mən bu barədə eşitməmişəm, məlumatıma görə, bir çox ştatlarda belə şirkətlər çoxdan özəlləşdirilib və rentabellidir. AZAL özü QSC-dir, bütün payı dövlətə məxsusdur, səhmlərin bir hissəsini açıq satışa çıxara və ya müəyyən iş adamlarına verə bilərlər. Dövlət yenə 51 faiz paketə nəzarəti özündə saxlayacaq.
AZAL təkcə Heydər Əliyev hava limanından ibarət deyil, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ hava limanları da ona tabedir, elə özəlləşdirməni onlardan başlamaq olar. Böyük özəlləşmə istəmirlərsə, bunu hissə-hissə etmək mümkündür. Müəyyən sahələri özəlləşməyə buraxmaqla onlardan gələn gəlir hesabına dövlət büdcəsinin formalaşdırılması, qorunub-saxlanmasını da təmin etmək mümkündür. Gec-tez bu sahələr özəlləşdiriləcək, amma hansı qaydada olacağı da vacibdir. Qapalı, ya açıq və ya investisiya özəlləşdirilməsi gedəcək, bəlkə kollektiv özəlləşdirmə olacaq, hələlik proqnoz vermək çətindir. Burada əsas söz sahibi dövlət başçısıdır".

Müsahib deyir ki, dövlətin əlində olanlar dövlətsizləşdirilməlidir və proses ona doğru gedir: "İlk növbədə şirkətin nizamnamə kapitalı ictimaiyyətə açıqlanmalıdır. Nizamnamə kapitalı bəlkə milyard dollar olmasa da, aktivlərinin həcmi ondan 2-3 dəfə çoxdur. Azərbaycanlı milyonçulardan istənilən biri onu ala bilərmi? Kimin bu qədər pulu rəsmi qazandığını təsdiqləyən sənədi var? Satışa çıxarılsa və qarşıya məqsəd qoyulsa ki, bunu bir Azərbaycan vətəndaşı ala bilər, problem yaranacaq. Məsələ burasındadır ki, bu gün Azərbaycanda rəsmi milyonçu yoxdur. Adı milyonçu olanlar da gedib ölkənin Beynəlxalq Bankını talayıblar. Buraya pul qoyan adam bir milyonçu olacaq, şirkətin tam olmasa da müəyyən faizini özəlləşdirməyə çıxarsalar belə 500 milyonun üstündə bir sərmayə lazımdır. Azərbaycanda milyardları olan oliqarxlar çoxdur, amma söhbət şirkətin müəyyən payını almağa gəlsə, milyonları ortaya çıxarıb, özünün bu qədər pulu olduğunu etiraf edən tapılmaz.

Məncə, şirkət özəlləşməyə çıxarılsa belə, onun alıcı problemi olacaq. Yaxşı bilirlər ki, o pulların mənbəyi soruşulacaq. "Gəlirlərin deklorasiyası haqqında" Qanun qəbul olunsa da, hələlik işləmədiyindən kimin nəyi olduğu aşkar bilinmir. Tək-tük müəssisələr bu gün dividend verir və onlar aviaşirkətin özəlləşdirilməsində iştirak edə bilməzlər. Çünki ortada real gəlirləri yoxdur, oğurluq pulla da almaları mümkünsüzdür. Prosesin ləngiməsinin kökündə də zənnimcə bu problem dayanır.

Bunu bir neçə il sonra edə biləcək şirkət "Kapitalbank"ola bilər. ASC-nin nizamnamə kapitalı 200 milyon manata yaxındır. Səhm paketi 99.9 faiz "Paşa Holding"ə məxsusdur. Bank bu il 35 faiz dividend verdi, şirkət sahibi 70 milyon manat xalis dividend götürdü. Əvvəlki illər də dividend götürüb, yəqin 200 milyonu var. 2 il sonra o müəssisə AZAL-ı ala bilər. Bu şirkət sahibinin vəsaiti qanuni yolla qazandığı barədə əlində sübutu var.

İkinci böyük pul "Qaradağ Sement" ASC-dədir, onun sahibi də hər dəfə 50-60 milyon manat dividend götürür. Amma onun nəzarət paketi əcnəbi şirkət olan "Holcim"dədir, odur ki, milli aviaşirkətin əcnəbilərə verilməsi real görünmür.

Azərbaycanda xarici vətəndaşların adından istifadə etmək təcrübəsi də var, müəyyən vaxtdan sonra müəssisələr onların adından çıxarılır. Lakin hazırda dünyada "çirkli pullar"a həssas yanaşır və ölkələr onların yaranma mənbələrini araşdırırlar, odur ki, bu gün onu eləmək çətindir. Bəzən SOCAR kimi nəhəngin özəlləşdirilməsindən də danışırlar, bunu eləməyə 50-60 milyard halal pulu olan oğul lazımdır".
Bağla X