22:45
(077) 610-22-33

İŞİD-ə qoşulan azərbaycanlıların tük ürpədən etirafları

  • >
10 581 23 Avqust 2016 19:19 | Dünya

Suriya, İŞİD dedikdə ilk ağla gələn edamlar, günahsız insanların ölümü, terror, patlayış, şəriət qaydaları, din altında maskalanmış şəxslərin “islam dövləti” qurmaq davası ağla gəlir.


Dünyanın əksər ölkələrindən olduğu kimi, Azərbaycandan da "cihad" deyib uzaq Ərəbistan çöllərinə yollanan həmyerlilərimiz var. İndi yüzlərlə azərbaycanlı xarabaya çevrilən Suriyadadır. Onlar arasında öldürülənlərin dəqiq sayı məlum deyil. Əksəriyyətinin cəsədləri belə döyüş meydanlarından götürülməyib...

Bizim televiziya kanallarında, sosial şəbəkələrdə görüb dəhşətə gəldiyimiz səhnələri reallığı ilə yaşayan onlarla azərbaycanlı var. Həmin şəxslər arasında gördüklərindən peşman olanlar, imkan tapıb geri qayıtmağı bacaranlar olub. Qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan həmin şəxslər gördükləri mənzərənin dəhşət olduğunu etiraf edirlər.Həmin dəhşətdən qaçmaq üçün Azərbaycanda həbs olunmağı belə gözə alaraq Suriyanı tərk ediblər…

Suriyaya gedənlər əsasən İŞİD lideri Əl-Bağdadiyə biyət edib, "Azəri camaatı"nın başçısı "Xalid Azəri"nin, "Abu Yəhya"nın, "Ömər Şişani"nin dəstələrində döyüşüblər.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Onların sonuncu məhkəmə prosesində dövlət ittihamçısı hər bir şəxsə 15 il iş istəyib.

Azərbaycanlıları Suriyaya aparan səbəb

Yazının əvvəlində də qeyd etdik ki, İŞİD-ə qoşulanların əksəriyyəti bu yolu dini inanclarına görə tutduqlarını deyirlər. Ancaq onlar arasında məqsədi pul qazanmaq olanlar da var. Elə adını çəkdiyimiz Rufan Ağcabəyov da İŞİD-ə qoşulmasını maddi imkansızlıqla bağlı olduğunu məhkəmə etiraf edib.

"Suriyaya döyüşmək məqsədilə getməmişdim. Tanıdığım uşaqlardan Suriyada olanlar var idi. Eşitdim ki, oraya gedənlər üçün humanitar yardımlar verilir. Ailəli olanlara 350-400 dollar verilirdi. Geri qaydıb ailəmi aparacaqdım"- R.Ağcabəyovun dediklərindən.

İŞİD-ə aparan yol

Xatırlayırsınızsa, 2013-2015-ci illər ərzində Azərbaycandan İŞİD-in tərkibinə qoşulmaq üçün gedənlərin sayı həddən artıq çox idi. Demək olar ki, həmin illər ərzində mətbuatda tez-tez Suriyaya gedən azərbaycanlıların ailələrinin müraciətləri yer alırdı. Onlar övladlarının geri qaytarılması üçün dövlətdən kömək istəyirdilər. Ancaq indi bu cür məlumatlara demək olar ki, rast gəlinmir. Buna səbəb olaraq Türkiyənin Suriya ilə sərhəddə İŞİD-ə qarşı apardığı mübarizəni sərtləşdirməsi, İŞİD-in mövqelərinin zəifləməsi və Azərbaycanda anti-terror əməliyyatlarının genişləndirilməsi göstərilir.
Bu günə qədər həbs edilən İŞİD üzvü olmuş azərbaycanlılar Suriyaya Türkiyə sərhədlərindən keçərək getdiklərini etiraf edirlər.

Musavat.com-um əldə etdiyi məlumata görə, istintaq materiallarına görə R.Ağcabəyov da Türkiyəyə gedərək oradan Suriyaya yollanıb.

1974-cü il təvəllüdlü Rufan Ağcabəyov Qarabağ müharibəsi iştirakçısı olub. 15 ildən artıq ibadətlə məşğul olan R.Ağcabəyov 2013-cü ilin iyun ayının 18-də Türkiyəyə gedib. "Abdul Cəlil" ləqəbli şəxsin vasitəçiliyi ilə əvvəl Hatay şəhərinə, oradansa Suriyanın Artma vilayətinə keçib. Artmada isə İŞİD-in Qafqaz üzrə komandiri, əslən Tərtər rayonundan olan "Xalid Azəri" ləqəbli Rövşən Bədəlovla görüşüb.

Suriyadakı məşhur azərbaycanlılardan olan R.Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri əməliyyat zamanı 25 adamı ilə birlikdə öldürülüb. 2000-2001-ci illərdə Pankisi ərazisində "Qarabağ partizanları" qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib.

Suriyada "Azəri camaatı" iki yerə - "Xalid Azəri"nin və "Abu Yəhya"nın başçılıq etdiyi qruplaşmalara ayrılır.

İŞİD üzvlərinin verdiyi ifadələrdə deyilir ki, "Azəri camaatı"nın qərargahı Artma qəsəbəsindəki yüksəklikdə yerləşir. "Abu Yəhya"nın dəstəsində 70-80, "Xalid Azəri"nin dəstəsində isə 15-20 nəfər olub. "Xalid"in dəstəsində azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də fəaliyyət göstərib. Qruplaşmada heç kəsə öz rəsmi adı ilə müraciət edilməyib.

Hamının ləqəbi olub. R.Ağcabəyovu "Abu Mucahit", Vladimir Marfinin ləqəbinin "Əhməd" olduğu kimi.

İttiham aktına görə, R.Ağcabəyov Suriyaya getdikdən sonra avtomat silahla təchiz olunaraq, azərbaycanlı komandirin göstərişi ilə "camaat"ın yerləşdiyi inzibatı binada keşik çəkib.

Subay olanlara evlənmək təklif edilir

Məlumata görə, oradakı azərbaycanlılar ərəb qadınla evlənmək təklif edirlər. Bəziləri razılaşmayıb öz ailəsini gətirəcəklərini deyiblər. R.Ağcabəyov da belələrindən olub.
Digər tərəfdən isə, kürd qüvvələri ilə aparılan döyüşlər zamanı əsir götürülən kürd qadınlardan düşərgədə qulluqçu kimi istifadə olunub, bəzi döyüşçülər onlarla yaxınlıq ediblər.

İŞİD-ə edilən yardımlar necə çatdırılıb?

Birlikdə mühakimə olunduğu Vladimir Marfin haqda R.Ağcabəyov bunları deyib: ""Əhməd" ləqəbli Azərbaycan vətəndaşı əvvəllər bizimlə bir yerdə olsa da, sonradan "Ərəb camaatı"na qoşulmuşdu. Onların qərargahı "Xalidin camaatı"nın yerləşdiyi yüksəklikdən 150-200 metr aşağıda idi. "Camaat"ın əsas məqsədi İŞİD-ə qoşulanları ərzaq və hərbi geyimlə təmin etmək olub. Həmin ərzaq və geyim isə Türkiyə ərazisindən qaçaq yolla Suriyaya keçirilirdi. "Əhməd" ərazini yaxşı tanıdığına görə, yardımın Suriya ərazisinə qaçaq keçirilməsi xətti üzrə bələdçi təyin edilmişdi".

R.Ağcabəyov deyib ki, yardımlar ayda təxminən üç dəfə yük maşınlarında gətirilib. Əvvəl qərargaha, sonra isə İŞİD-in nəzdində olan digər silahlı qruplaşmalara paylanıb.
"Ərəblər bizim "camaat"a 4 ədəd "Toyota" markalı minik avtomobili göndərmişdi. Həmin avtomobillərdən döyüşə gedən zaman istifadə edilirdi. Bundan başqa, pulla bağlı yardımlar da olurdu. "Əhməd" aldığı pulları siyahı üzrə əmirlərə paylayırdı"- deyə o, bildirib.

İŞİD insanları şəriət qaydaları ilə necə cəzalandırıb?


Yerli camaatın İŞİD rejiminə qarşı olduqlarını deyən R.Ağcabəyov insanların vahimə içində yaşadıqlarını söyləyib. O, insanların şəriət məhkəməsi tərəfindən necə cəzalandırıldığını belə danışıb:

""Xalid"in əmrinə əsasən, şəriət qayda-qanunlarına zidd əməllərə əl atanlar məcbur düşərgəyə gətirir, şəriət məhkəməsinə təhvil verilirdi. Biz şəriət qanunlarına istinad etməklə asayişin keşiyində durmuşduq. Biləndə ki, kimsə zina edir, içki içir, siqaret çəkir, musiqiyə qulaq asır, onu məcburi formada düşərgəyə gətirib, şəriət binasındakı yerə təhvil verirdik. Şəriət məhkəməsi o insanlara müxtəlif cəzalar verirdi. Subay zina edərsə, şallaq vurulur, evli zina edərsə, daş-qalaq edilib öldürülür, içki qəbul edənə şallaq vurulur, kimsə homoseksualizmlə məşğul olarsa, hündürmərtəbəli binanın yuxarısından aşağı atırdılar".

Suriyada 3 ay qalan R.Ağcabəyov 2013-cü ilin sentyabr ayının sonlarında Türkiyəyə qayıdıb. İstanbulda müxtəlif yerlərdə fəhləlik edib. 2014-cü ilin iyul ayında isə Azərbaycana qayıdıb. Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Həbsxanada islamı qəbul edib, oradan da Suriyaya yollanan Marfin

Milliyyətcə rus olan "Əhməd" ləqəbli Vladimir Yevgenyeviç Marfin 2000-ci ildə quldurluq törətdiyinə görə 13 il cəza alıb. 2012-ci ildə azadlığa çıxıb. Marfinin "Xalid" ləqəbli Rövşən Bədəlovla tanışlığı da 14 saylı cəzaçəkmə müəssisəsindən başlayıb. İslam dinini də həbsxanada qəbul edib. 2012-ci ildə həbsdən çıxandan sonra yaşadığı Şəmkir rayonuna qayıdan Marfin Suriyada ağır döyüşlər getdiyini eşidib, internet vasitəsilə Suriyada gedən prosesləri izləyib. Və Suriyaya getməyi qərarlaşdırıb.

O, 2013-cü ilin ramazan ayı ərəfəsində Bakıya gələn Vladimir burada köhnə dustaq yoldaşları ilə görüşüb, onların evində qonaq qalıb. Hər gün iftar zamanı Suriyada gedən prosesləri müzakirə edirlər. Suriyaya getmək arzusunda olduğu üçün əqidə yoldaşı Mansura bu barədə fikrini bildirib. Mansurla birlikdə 10 avqust 2013-cü ildə Türkiyəyə yola düşüblər. Onları Həsən adlı qaçaqçı qarşılayaraq Artma şəhərinə keçirib. Artmada ilk olaraq "Xalid"lə görüşüb.

Marfin Suriyada olduğu müddətdə heç bir döyüşdə iştirak etmədiyini, heç kimə güllə atmadığını deyib.

2014-cü ilin yanvar ayında "Ceyhul-Hur" ordusunun nəzarətində olan Hələbə köçən Vladimir Bəşər Əsədə qarşı döyüşən, 300 döyüşçüsü olan ordunun rəhbəri "Abu Ubeyda"nın yanına gedərək ondan iş istəyib.

İstintaq materiallarına görə, "Abu Ubeyda" ona Türkiyə-Suriya sərhədindən yardımları daşımağı tapşırıb. Yardımın daşınmasında iki məsul şəxsdən biri "Əhməd", digəri "Abdulkərim" olub.

"Biz "Babalhava" keçid məntəqəsinə gedib orada Suriya ərazisinə keçən türk tırlarından yardımları öz maşınımıza yükləyib Hələbə gətirirdik. Yardım yalnız hökumət qüvvələrinə qarşı döyüşən mücahidlərə paylanırdı. Yardımın daşınması üçün "Abu Ubeyda" tərəfindən mənə bir ədəd "Kalaşnikov" verilmişdi. Silahı üzərimdə daşısam da, heç vaxt istifadə etmirdim"- deyə Marfin ifadəsində bildirib.

Vladimir 24 fevral 2014-cü ildə Azərbaycana qayıdıb. Hər iki şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.


Musavat.com
Bağla X