23:44
(077) 610-22-33

DİN: «Ölkədə vətəndaş müharibəsi başlayıb»

  • >
800 6 Dekabr 2012 08:05 | Dünya

Qahirədə prezident sarayı ətrafında baş verənlər vətəndaş müharibəsidir. Misirin "Əl-Masri əl-Yaum" qəzetinin məlumatına görə, ölkənin daxili işlər nazirliyinin rəhbərliyi belə bir bəyanatla çıxış edib. "Qarşı duran tərəflərin siyasi rəhbərliyi münaqişəyə son qoymaq üçün dərhal müdaxilə etməlidir", deyə bəyanatda bildirilir. Misir DİN rəhbərliyi hazırda hadisə yerinə gedərək vəziyyətə nəzarəti ələ keçirməyə çalışır. (apa)

Misir Təcili yardım xidmətinin rəhbəri Məhəmməd Sultan qarşıdurma nəticəsində ən azı 350 nəfərin yaralandığını bildirib. Daha öncə 2 nəfərin həlak olduğu bildirilirdi. Onun sözlərinə görə, yollar bağlı olduğundan təcili yardım maşınları hadisə yerinə gedib yaralıları götürə bilmirlər. "Müsəlman qardaşlar" təşkilatının keçmiş liderlərindən biri Əbdül Moneym əbu əl-Futuh baş verənlərə görə prezidentin tam məsuliyyət daşıdığını bəyan edib.

"Təhlükəsizlik qüvvələri əməkdaşlarının Məhəmməd Mürsi tərəfdarları ilə əvəz olunması dövlətin süqutudur", deyə o bildirib. Liberal qüvvələrin nümayəndələri Misir prezidenti Məhəmməd Mürsinin yeni konstitusiya bəyannaməsinə qarşı çıxış edirlər. Onlar Mürsini səlahiyyətlərini artırmaqda ittiham edərək onu istefaya çağırırlar. Mürsinin təmsil etdiyi "Müsəlman qardaşlar" hərəkatı isə tərəfdarlarını prezidenti müdafiə etməyə çağırıb.

Dünən "Müsəlman qardaşlar"ın minlərlə tərəfdarları prezident sarayının qabağına gələrək liberal müxalifətin burada qurduğu çadırları söküb və bu qanlı toqquşmalarla nəticələnib. İğtişaşlara radikal əhval-ruhiyyəli futbol fanatları da qoşulub. Prezident sarayına təhlükəsizlik qüvvələri cəlb olunub. Polislər qarşı tərəfləri metal çəpərlərlə ayırmağa çalışır. Buna baxmayaraq liberal müxalifət və islamçı prezidentin tərəfdarları arasında qarşıdurma davam edir.

Baş verən hadisələrə görə artıq prezidentin üç müşaviri istefa verib.

AzNews.az
Bağla X