Nəhəng şirkətlərdən Obamaya erməni TƏLƏBI

Ermənistanda fəaliyyət göstərən Amerika şirkətləri iki ölkə arasında Ticarət və İnvestisiya Çərçivə Razılaşmasının əldə edilməsini tələb edir.
"ArmRadio"nun məlumatına görə, arasında Microsoft, FedEx və NASDAQ şirkətlərinin də olduğu Amerika şirkətləri öz tələb məktubları ilə Obama hökumətinə müraciət ediblər.

Şirkətlər Ermənistan və dünyada minlərlə əməkdaşlarının olduğunu bildirərək, ABŞ və Ermənistan arasında belə bir anlaşmanın vacibliyini vurğulayıblar. Ermənistan hökuməti də uzun zamandan bəri belə bir müqavilənin bağlanması istiqamətində tələblərini irəli sürür. Bundan başqa Ermənistan həm də ikili vergi ödənilməsinin aradan qaldırılmasını tələb edir.

Təklifi Amerikadakı Erməni Beynəlxalq Komitəsi və bir sıra ermənipərəst konqresmenlər də dəstəkləyir.

Barak Obama da 2008-ci ildə prezident seçkiləri öncəsi iki ölkə arasında ticarət əlaqələrinin daha da inkişaf etdiriləcəyini bildirərək bu istiqamətdə üzərinə düşən vəzifəni yerinə yetirəcəyini vəd etmişdi.

Firmaların tələbində isə iki ölkənin də bir sıra sahələrdə xeyir əldə edəcəyinə işarə edilir. Bura hətta Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən məruz qaldığını iddia etdiyi əngəllərdən yaranan ticarət problemlərinin aradan qaldırılması, gömrük sisteminin qaydaya salınması, bank, sığorta, turizm sektorunun gücləndirilməsi, diaspora sərmayələrinin dəstəklənməsi, iki ölkə arasında ticarət və investisiya layihələrinin artırılması yollarının axtarılması daxildir.

Obamaya yazılan tələb məktubu bu gün Los-Ancelesdə keçirilən toplantıda ABŞ-ın Ermənistandakı səfirinə təqdim edilib.

Elnarə Əlosmanqızı
AzNews.az