23:10
(077) 610-22-33

İstanbul gələnləri buraxmır….

  • >
61 451 10 Yanvar 15:47 | Dünya

Istanbuldayam. Artıq iki gündür. İlk dəfədir ki sevdiyim bu təzadlı şəhərdə istəyimə zidd olaraq qalıram. Yəni, İstanbula yağmış qar bura gələnləri göndərməməkdə israrlıdır.

İndi növbə ilə. Tiflis-İstanbul-Madrid reysimizin ilk hissəsini uğurla və vaxtında gəldik. “Hava limanı təyyarə qəbul edirsə, deməli, təyyarə də yola sala biləcək vəziyyətdədir”- deyə düşünüb şad-xürrəm getdik aeroportun yaxınlığında əvvəlcədən bron etdiyim otelə. 22 saatlıq uçuş fasiləsində yataq deyə tutduğum otelə bizi aparan taksi sürücüsünün “həyasızlığı” ayrı mövzudur, amma buna qısa olaraq “gələn turistdən qarlı havada maksimum dartaq” deyək. Amma sürücü qarşısındakının da dəyirmanın bu üzündən ölü girib o biri üzündən diri çıxa bilən, “aşağı yeri yoxdur?” sualı ilə böyümüş azərbaycanlı olduğunu bilmirdi. Nə isə...

Səhər isti yatağımızda gözlərimizi açanda piltə-piltə yağan qarı görəndə keçirdiyim romantik duyğuları gərək sazla ifadə edim. Sevincimdən xəyallara daldım. Səhər yeməyindən sonra yaxşı bir dostumuzun göndərdiyi maşın bizi hava limanına aparanda artıq vəziyyətin elə də romantik olmadığını anladım.

Atatürk Hava Limanına girəndə Türk Hava Yolları şirkəti tərəfindən insanlara pulsuz paylanan su şüşələrini görəndə dalağım sancdı, deməli, əslində artıq pul xərcləməyi sevməyən bir şirkətin bu addımı həm təsirli, həm də vahiməli idi. Ümumiyyətlə, Türk Hava Yolları yaxşı şirkətdir, məsuliyyətlərini anlayır, belə vəziyyətlərdə nəyi necə etməli olduğunu bilir.

Gecikmə, yenə gecikmə, uçuşun ləğvi. Dəhşətli anlar bundan sonra başladı. Bizdən fərqli olaraq, artıq bir neçə gündür ki, hava limanında qalmış insanların vəhşiləşməsi bir daha sübut etdi ki, xalqların mədəniyyəti, avropalılıq və sairə kimi nağıllar ancaq normal şərtlər daxilində olurmuş. Quyruqları qapı arasında qalanda dünyanın ən mərifətli xalqları belə səni tapdalayıb üstündən keçər.

Özümlə bağlı 2 faktı qeyd edim. Reysin təxirə salınması barədə xəbəri eşidəndə özüm kimi 3 min (!) insanla THY-nin ofisinə doğru hərəkət etdik. Burada artıq böyük izdiham vardı, əməkdaşlar kimə və hansı dildə cavab verəcəklərini çaşdırmışdılar. Qısacası dedilər ki, gedin 100 metr o tərəfdəki ofisdə pasport və biletlərinizin surətini çıxartsınlar, sonra həmin sənədlərlə gedin pasport stola və neytral ərazini tərk edin. Ondan sonra kassalara gedərək ya pulunuzu alın, ya da vaxtları dəyişin.

Surət çıxarma növbəsində (buna növbə demək üçün 22 şahid lazımdır, daha çox təpələşmə, əzmə və təpikləşmə deyək) 1 saat durandan sonra bir “ağıllı” gəlib dedi ki, tranzit yolçulara sürət lazım deyil, gedin birbaşa pasport stola. Növbədən çıxıb getdim ora. Tam iki saat əziləndən, növbəsiz özünü irəli dürtən insanlarla əlləşəndən sonra çatdım polisin stoluna və burada! “Sürətləri verin!” deyəndə hiss etdim ki, “qanım qulaqlarımdan fışqırmağ”a hazırlaşır. Hirsimdən qışqırmağa başlayanda bir türkdilli qadın (amma türk deyildi) uşaqları dartıb boş bir əraziyə soxdu. Mənə dedi ki, qaç sürət çıxart, uşaqlara mən baxacam, bu dəhşəti yenidən yaşamasınlar. Qadına təşəkkür edib, yenidən sənədlərin sürətinin çıxarıldığı stolunun qarşısındakı izdihama cumdum. İnsanlara baxıb anladım ki, indi heç nə etməsəm daha bir də özümə hörmət eməyəcəm. THY stendinin arxasında boşluq vardı. Özümü ora dürtüb içəridəki bir əməkdaşı çağırdım. Təxminən belə: “Bura yaxınlaşın, xahiş edirəm, mənim uşaqlarım orda qaldı, mən onları tanımadığım bir qadına əmanət etdim və bir daha onları həmin dəhşətə soxa bilmərəm. Kömək edin!” Əməkdaş yaxınlaşdı, sənədlərimi aldı, “kardeş, bekle, sana yardım edicəm” deyib getdi. Bu anda hiss etdim ki, stressdən gözyaşlarımı saxlaya bilmirəm, sadəcə divara söykənib ağlamağa başladım. Arxaya dönəndə mənə doğru uzanmış 16 əl gördüm. Bu deşiyi və içəri ötürülən sənədləri görən bir neçə adam üzərimə hücum etmişdi. Bax bu anda içimdəki “vəhşi heyvan” baş qaldırdı. Artıq uca səslə “əl çəkin, üstümə gələni vuracam” dedim. Yəqin o anda dəhşətli görünürdüm, insanlar geri çəkildi.

Surətləri çıxarılmış sənədləri alıb yenidən pasport stolun qarşısındakı izdihama girdim, insanları yararaq irəli getdim, gördüm ki, pəncərənin qarşısındakı adamlar imkan verməyəcək. Bu anda başıörtülü ərəb bir qız sənədlər olan əlimdən tutaraq onu pəncərədən içəri uzatdı. Dedi ki, mənim növbəmdir, amma sən al və uşaqları burdan çıxart.

Biletləri rahat dəyişdik. Burada THY əməkdaşları uşaqlı ailələri bir sıraya düzmüşdülər və tezliklə keçirtdik.

Otel sırası! Bax bu sakit, amma 6 saatlıq bir növbə oldu. İnsanlar növbəsiz girənləri qovmağa başladılar, yorulduqca növbə ilə oturub dincəldilər.

Nəhayət ki! Bizi avtobuslara doldurub otelə yola saldılar. Otel görməmiş, görmüş insanlar beş ulduzlu otelin foyesinə doluşub qeydiyyat masasını” taran etməyə” başladılar. Düz 3 dəqiqədən sonra artıq qeydiyyat edən əməkdaşlardan biri güvənliyə zəng etdi, insanları uzaqlaşdırıldı. Bilirsiniz,ən dəhşətlisi nə idi? Deyildi ki, cəmi 100 otaq var. Gələnlərin yarısı ailə və ya qrup idi. Lakin hamı (!) özünə tək otaq istəyirdi! Arzular, istəklər də öz yerində. Sanki, bu aciz insanlar həyatlarında ilk və böyük ehtimalla son dəfə görəcəkləri belə oteldən öz nəsibini almağa çalışırdı. 40 dəqiqədən sonra növbə mənə çatanda pasportlarımı alan və bayaq dəli olan otel əməkdaşı, cavan bir oğlan dedi “Necəsiniz, yahşisizmi?” Artıq informasiya qəbul etməyən beynimlə cümlələri analiz etməyə başlayırdım ki, oğlan daha bir neçə cümlə “azərbaycanlı ləhcəsi” ilə dedi. Sakit səslə dedim “xahiş edirəm, mümkünsə mənə bir çarpayısı olan hər hansı otaq verin, uşaqlarım mənimlə yatsın, onlar sadəcə çox yorulublar”. Əməkdaş sakitcə düz gözlərimin içinə baxaraq dedi: “Azəri hanım, siz burda gördüyüm ən mədəni, ən sorumlu insansınız. Mən ilyarım Azərbaycanda işlədim, azərilərdən ancaq yaxşılıq gördüm. Sizə süit verəcəyəm, gedin istədiyiniz kimi dincəlin, bütün xidmətlərdən də istifadə edin.” Bu ağır günün sonunda aldığım hədiyyə idi, eşitdiyim ən gözəl cümlələr idi.

Hazırda oteldəyəm. Daha bir gün də burada qalacağıq. Türk Hava Yolları şirkətini peşəkarlığına görə təbrik edirəm. Bu qədər insan, bu qədər itki, yorğunluq, stress və dəqiqliklə görülmüş iş.

Bu iki gün mənə bir neçə şeyi öyrətdi: 1.İstənilən yerdə bir gün edilən hər hansı əməlin cavabı bizə qayıdacaq; 2.İnsanlar yalnız rahat şəraitdə mədənidirlər, ilk çətinlikdə “bir-birilərini yeməyə” hazırdırlar; 3. Heç nəyə baxmadan, dünya yaxşı insanlardan xali deyil!

Yolunuz həmişə açıq olsun!

Aygün Əliyeva

AzNews.az

Bağla X