Spikerin qardaşı prezidenti məhkəməyə verəcək

İranda qalmaqallı səs yazısından sonra parlamentin spikeri Əli Laricaninin qardaşı Fazil Laricani ölkə prezidenti Mahmud Əhmədinejadı məhkəməyə verəcəyini deyib.

APA-nın məlumatına görə, F.Laricani prezidentin fevralın 3-də ölkə parlamentinin açıq iclasında onu qanunsuzluqlara yol verməkdə ittiham etdiyi üçün belə bir addım atacağını bildirib: "Əhmədinejadın əleyhimə səsləndirdiyi ittihamlar yalandır. Odur ki, onu məhkəməyə verəcəyəm. Səid Murtəzəvinin özünün xahişi və israrı ilə onunla görüşmüşəm".

S.Murtəzəvi isə F.Laricaninin açıqlamasını təkzib edib. O deyib ki, F.Laricani yalan danışır: "Görüşməyi mən istəməmişəm. Fazil Laricani onunla görüşməyim üçün çox israr etdi və gəlib özü mənimlə görüşdü".

Qeyd edək ki, fevralın 3-də İran parlamentinin iclasında iştirak edən prezident Mahmud Əhmədinejad F.Laricaniyə aid olduğunu iddia edən səs yazısını dinlətdirib. Audioyazıda Fazil Laricani və Tehranın sabiq prokuroru Səid Murtəzəvi dövlətə bağlı olan şirkətlərin müqavilə əsasında satılmasından danışıblar. F.Laricani deyib ki, müəyyən bir qrupla işləyir: "Amma gərək bu fəaliyyətimlə bağlı rəsmi sərəncam verilməsin. Kənardan elə görünsün ki, sadəcə əməkdaşlıq edirəm".

Səs yazısı dinlənildikdən sonra M.Əhmədinejad bütün bu məsələlərin arxasında Ə.Laricaninin dayandığı iddia edərək, onu və qardaşını qanunsuzluqda ittiham edib.

AzNews.az