İran parlamentində qalmaqal yaşandı İran parlamentində qalmaqal yaşandı

Prezident gizli səs yazısını ortaya çıxardı

İran parlamentində qalmaqal yaşandı



Fevralın 3-də İran parlamentinin iclasında qalmaqal yaranıb. "Media forum" saytı xəbər verir ki, həmin gün sosial və əmək naziri Əbdülrza Şeyxülislami bir çox cinayətdə ittiham olunan keçmiş Tehran prokuroru Səid Mürtəzəvini Sosial Təminat Təşkilatına rəhbər təyin etdiyinə görə sorğu-suala tutulub. Dinləmənin yekununda Əbdülrza Şeyxülislaminin işdən azad edilməsi təklifi səsə qoyulub. 192 deputat təklifin lehinə, 56 nəfər əleyhinə səs verib. 24 nəfər bitərəf qalıb.

Səsvermədən əvvəl sosial və əmək nazirini dəstəkləmək üçün parlamentə gələn prezident Mahmud Əhmədinejad çıxışı zamanı gözlənilmədən İran parlamentinin sədri Əli Laricaninin qardaşı Fazil Laricani ilə Səid Mürtəzəvi arasında gedən bir söhbətin gizli lent yazısını parlament tribunasının mikrofonundan yaymağa başlayıb. Əhmədinejad bu səs yazısını yaymaqla dolayı yolla Əli Laricanini və onun qardaşlarını vəzifələrindən sui-istifadə etməkdə, öz maddi maraqlarını güdməkdə günahlandırıb. Səs yazısında Fazil Laricani Səid Mürtəzəviyə bir təklif verir. Təklif belədir: Səid Mürtəzəvi Fazil Laricanini Sosial Təminat Təşkilatına bağlı şirkətləri satın almaq istəyən bir şəxslə tanış etsin, Fazil Laricani həmin şəxsin işlərini aparsın. Səs yazısında Fazil Laricani Səid Mürtəzəviyə deyir ki, təklif reallaşsa, o öz qardaşlarının, yəni Laricanilərin nüfuzundan yararlanaraq Sosial Təminat Təşkilatının fəaliyyətində yarana biləcək maddi problemlərin həllinə yardım göstərər.

Gizli səs yazısının yayılmasını özünə və qardaşlarına qarşı təxribat adlandıran İran parlamentinin sədri Əli Laricani prezident Mahmud Əhmədinejadın sözünü kəsərək ona qarşı sərt bəyanatlar səsləndirib: "Başa düşmürəm, Fazil Laricani məsələsinin mənə nə dəxli var? Siz öz çıxışınızda eyham vuraraq mənə ittihamlar irəli sürürsünüz. Məgər mən kiminsə hərəkətini müdafiə etmişəm? Mənə ən yaxın şəxs belə qanun pozuntusuna yol verərsə, onun işinin araşdırılmasını tələb edərəm. Lakin siz belə deyilsiniz. Problem də burdan başlayır. Sizcə, Mürtəzəvinin mənim yaxın adamlarımdan birini hansısa iclasa çağırıb gizlicə onu videoya çəkmək, səsini yazıb yaymaq düzgündürmü? Bu, gizli bir əməl deyilsə, bəs nədir? Bu, əxlaqa zidd addımdır. Bax, ölkənin problemləri bu kimi əməllərdən başlanır.

Hesab edirəm ki, konspirativ işlərlə, mafiya işləri ilə məşğul olmaq prezidentə yaraşmaz. Bu, cəmiyyəti fəlakətə sürükləyər. Ölkə prezidenti əxlaqın ilkin şərtlərinə də riayət etmir. Siz çoxdan bəri "deyərəm ha, deyərəm ha" ifadəsi ilə onu-bunu təhdid edirdiniz. İndi də bu səs yazısını yaymaqla öz sözünüzü dediniz və bununla da xalq sizin simanızı daha yaxşı tanıdı".

Mahmud Əhmədinejad Əli Laricaniyə cavab vermək üçün ona vaxt ayrılmasını istəyib. Ancaq parlamentin sədri prezidentin tələbini rədd edib: "Siz öz sözünüzü dediniz. Sizə bundan artıq danışmağa icazə verilmir".

Bundan sonra Mahmud Əhmədinejad iclası yarımçıq qoyaraq parlamenti tərk edib.

AzNews.az