ABŞ İran dövlət televiziyasına qarşı sanksiya tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın BBC-yə istinadən xəbərinə görə, yeni sanksiyalar Tehranın neft satışından gələn gəlirlərinin azaldılmasına və dövlət televiziyasının fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, yeni tədbirlər ABŞ-ın sanksiya rejimini pozmadan İrandan neft ala bilən ölkələrin siyahısını, eləcə də Tehranın neft satışından əldə olunan gəlirlərə çıxışını məhdudlaşdırır.

İranın İRİB telekanalının və onun direktoru İzzətulla Zərqaminin ABŞ-ın maliyyə sisteminə çıxışı da qapadılıb. Bundan başqa, İranın kiber-polisi və "Iran Electronics Industries" şirkəti də sanksiyalara məruz qalıb.

ABŞ hökumətinin fikrincə, bütün bu qurumlar senzura ilə məşğul olur, əcnəbi kanalların yayımına mane olur və sosial şəbəkələrdən siyasi fəalların izlənməsi üçün istifadə edirlər.

AzNews.az