Müxalifət Əsədin heykəlini yıxdı – Video

Müxalifət Suriyanın daha bir şəhərində nəzarəti ələ aldı

Suriyada müxalifət qüvvələri daha bir mühüm əhəmiyyətli yaşayış məntəqəsini ələ keçirib. Müxalifət mənbələrinin məlumatına görə, üsyançılar ölkənin şimal-şərqində yerləşən Raka şəhərinə nəzarəti ələ keçiriblər. Müxalifət qüvvələri bölgəyə nəzarəti ələ alan kimi şəhərin mərkəzi meydanında prezident Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini yıxıblar. Bundan sonra hədəf Bəşər Əsədin meydandakı nəhəng plakatı olub. Şəhərin polis rəisinin öldürüldüyü də bildirilir.

Suriya İnsan Haqları Müşahidəçiləri qrupu da Raka şəhərinin üsyançıların əlinə keçdiyini təsdiqləyib. Suriya müxalifət qruplarından formalaşan Milli Şuranın üzvü Mustafa Nəvaf əl-Əli də açıqlamasında Raka şəhərinin hökumət qüvvələrinin nəzarətindən çıxdığını bildirib.

Bununla da, Suriyada 2 ildir davam edən vətəndaş müharibəsi zamanı ilk dəfə böyük bir şəhər bütünlüklə müxalifətin əlinə keçib. Qeyd edək ki, hazırda paytaxt Dəməşqin ətraf əraziləri, Homs, Hələb şəhərləri və İdlibin bir hissəsi üsyançıların əlindədir./qafqazinfo/