Robert Koçaryanın və köhnə sistemin planları nədən ibarət ola bilər? Robert Koçaryanın və köhnə sistemin planları nədən ibarət ola bilər?

Ermənistanda əks-inqilab təhlükəsi - ŞƏRH

Robert Koçaryanın və köhnə sistemin planları nədən ibarət ola bilər?

Ermənistanda fəaliyyət göstərən bir sıra siyasi dairələr Nikol Paşinyan hakimiyyətinə qarşı əks—inqilabın baş verəcəyi ehtimallarını mümkün sayırlar. Belə ki, “məxməri inqilab”ın əks-inqilabla əvəzlənməsində köhnə siyasi sistemin, xüsusilə, Robert Kopçaryanın rol alacağı da istisna edilmir.

Politoloq Stepan Qriqoryan: “Koçaryanın ən yaxşı müdafiə vasitəsi siyasətə geri dönərək, “məni təqib edirlər” bəyanatını verməkdir”

“Ermənistanın ikinci prezidenti Robert Koçaryan 1 mart 2008-ci ildə nümayişçilərin dağıdılması ittihamına baxmayaraq, siyasətə dönüşü baş tutdu”. SİA xəbər verir ki, bu barədə aysor.am-a açıqlamasında poliloloq Stepan Qriqoryan deyib. Onun sözlərinə görə, Koçaryan siyasətə heç də öz istəyi, öz iradəsi ilə geri qayıtmayıb: “Bu, onun üçün sadəcə müdafiə olunmaq variantıdır. Nəzər alsaq ki, o 1 mart hadisələrinə görə ittiham olunur, bu zaman onun ən yaxşı müdafiə vasitəsi siyasətə geri dönərək, “məni təqib edirlər” bəyanatını verməkdir”.

“Təsəvvürümə gətirə bilmirəm ki, o, özünə qarşı neqativ köklənmiş vətəndaşlarla necə görüşəcək”

“Robert Koçaryan çox yaxşı təsəvvür edir ki, ictimaiyyətdə ona qarşı olan münasibət necədir”, deyə qeyd edən erməni politoloqu hesab edir ki, görünür, onda müəyyən resurslar var: “Lakin mən onun siyasətə uğurlu qayıdışında şansları görmürəm. Belə ki, siyasətə qayıdış özündə bir sıra mühüm komponentləri birləşdirir – vətəndaşlarla görüşmək və söhbət etmək. Məhz bu yerdə mən təsəvvürümə gətirə bilmirəm ki, o, özünə qarşı neqativ köklənmiş vətəndaşlarla necə görüşəcək”.

Bu baxımdan, S.Qriqoryan R.Koçaryanın siyasətə dönüşünün uğurlu nəticə verə biləcəyinə inanmadığını deyərək, xalqın ona olan etimadının olmadığını iddia edib.

Lakin erməni ictmai rəyində hər kəs eyni fikirləri bölüşmür. Misal üçün, Ermənistanın tanınmış vəkili və hüquq müdafiəçisi Norayr Norikyan əks fikirdən çıxış edərək, 1in.am saytına müsahibəsində bildirib ki, N.Paşinyanın növbədənkənar parlament seçkilərini keçirmək qərarı gecikdikcə, ölkədə əks-inqilab reallığı artmağa başlayır. Erməni hüquq müdafiəçisi konstitusiya problemlərinə də toxunaraq bildirib: “N.Paşinyanın bu ilin iyununda təsdiq edilmiş hökumət proqramında dəqiq şəkildə vurğulanıb – bir il müddətində növbədənkənar parlament seçkilərini keçirmək”.

Hüquq müdafiəçisi Norayr Norikyan: “Əks-inqilab növbəti siyasi böhrana və kataklizimlərə gətirib-çıxara bilər”

Vəkilə görə, təhlükə ondadır ki, N.Paşinyan baş nazir vəzifəsindən istefa verərkən, parlamentdə fəaliyyət göstərən fraksiyalar öz aralarında danışıqlara gedərək, başqa namizədin baş nazir seçilməsinin təşkil edə bilərlər. “Bu isə Ermənistanda acı nəticələrə hesablana biləcək növbəti siyasi böhrana və kataklizimlərə gətirib-çıxara bilər”, N.Norikyan bildirib.

“Bu cür ssenarinin baş verməyəcəyini istisna edə bilmərəm, belə ki, Ermənistanın keçmiş hakimiyyət gücləri revanş əldə etməyə çalışmaqla, itirilmişləri geri qaytarmağa, mövcud hakimiyyəti isə ləğv etməyə cəhd göstərəcəklər”, deyən erməni hüquq müdafiəçisi həmçinin bildirib ki, bu cür vəziyyətdə ölkənin yeni rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi üçün, yaxud buna start vermək üçün, eyni zamanda təhlükənin aradan qaldırılması üçün əllərində olan bütün resurslardan istifadə etməlidirlər. Norikyan köhnə hakimiyyət sistemində cinayət törətmiş bütün şəxslərin zamanında istintaqa cəlb edilməsi vacibliyi barədə də danışıb.

“İnanmıram ki, köhnə siyasi sistem təmsilçiləri sakit oturub, yeni hakimiyyətin onları həbsxanalara göndərməsini gözləyəcəklər”

Jurnalistin köhnə siyasi sistem təmsilçilərinin hətta xalqın müqavimətinə baxmayaraq, bənzər addımlara, yəni əks-inqilaba getmələri ehtimalının nə dərəcədə yüksək olması sualını da cavablandıran erməni hüquq müdafiəçisi bildirib: “Onların buna cəhd etmələri üçün öz hesablamaları olacaq. İnanmıram ki, köhnə siyasi sistem təmsilçiləri sakit oturub, yeni hakimiyyətin onları həbsxanalara göndərməsini gözləyəcəklər. Təbii ki, onlar bu situasiyada özlərini müdafiə etməyə cəhdlər göstərəcəklər və bu istiqamətdə istədikləri nəticəni qazanmaqları üçün öz qeyri-leqal resurslarını istifadə edəcəklər”.

Görünən isə budur ki, devrilmiş Serj Sarkisyan hakimiyyəti və onun ətrafı heç də boş dayanmayıb və bu gün R.Koçaryanın fəallaşması da belə deməyə əsas verir ki, Ermənistanda əks-inqilab vəziyyəti tam yetişib.

Rövşən NURƏDDİNOĞLU /sia.az/