İtin qarnındakı barmağı çıxardıb,həkimə apardı

ABŞ-ın Florida ştatındakı Bradenton şəhərində bir ata, oğlunun bir barmağını dişləyərək qoparan və udan itin qarnını yarıb, köpəyin mədəsindən barmağı çıxarandan sonra oğlunu xəstəxanaya aparıb.

11 yaşlı Fernando Brioni malamut cinsindən olan Sessi adlı köpəyi ilə oynayanda it qəflətən hirslənib, oğlanın əlini ağzına salaraq gəmirib.

Fernandonun böyük qardaşı, 13 yaşlı Lüis (jr.) iti dəyənəklə vuraraq kiçik qardaşının əlini buraxmağa vadar edib. Lakin Fernandonun çeçələ barmağı qoparılmışdı.

Lüisin bağırtısını eşidərək hadisə yerinə qaçan 41 yaşlı ata Lüis tez tapançasını götürüb, çox sevdiyi itini güllələyib.
Bundan sonra o, bıçaqla itin qarnını yararaq köpəyin mədəsində oğlunun barmağını axtarmağa başlayıb.

Hadisə yerinə gələn təcili yardım qrupunun mənsubları ilə birlikdə barmağı tapandan sonra Lüis oğlunu helikopterlə xəstəxanaya yollayıb.

Fəqət cərrahlar barmağın sinirlərinin izafi zərər görməsindən dolayı, onun yenidən ələ tikilməsinin mümkünsüz olduğunu deyiblər.

Fernandonun qoparılmış barmağının yerinə qolunun ön qismindən alınmış dəri tikilib.

Lüis Brioni isə iti öldürdüyünə görə peşman olduğunu deyib.

AzNews.az