İsrail aviasiyasının mayın 4-də və 5-də Suriya ərazisinə endirdiyi güclü aviazərbələr iki ildən çoxdur davam edən böhranı yeni mərhələyə daxil edib İsrail aviasiyasının mayın 4-də və 5-də Suriya ərazisinə endirdiyi güclü aviazərbələr iki ildən çoxdur davam edən böhranı yeni mərhələyə daxil edib

Yaxın Şərqdə böyük müharibə

İsrail aviasiyasının mayın 4-də və 5-də Suriya ərazisinə endirdiyi güclü aviazərbələr iki ildən çoxdur davam edən böhranı yeni mərhələyə daxil edib




Xarici media yazır ki, bu, Suriya münaqişəsinə edilmiş ən iri xarici müdaxilədir və qarşıdurmanın gedişini dəyişdirə, eyni zamanda regionda irimiqyaslı müharibə başlada bilər. The New York Times yazır ki, İsrailin aviazərbələri Vaşinqtonda ABŞ-ın Suriyadakı qarşıdurmaya müdaxiləsi barədə mübahisələri qızışdırıb. Məsələ belə qoyulur ki, növbəti addım ABŞ-ın Əsəd rejimini zəiflətmək üçün hava zərbələri endirməsi olmalıdır. ABŞ-ın zərbələri Əsəd qüvvələrinin müxalifət qüvvələri qarşısında zəifləməsinə və kimyəvi silahdan istifadəsinin qarşısının alınmasına imkan verə bilər. Amerika və digər Qərb ölkələrindəki qaynaqlar isə deyiblər ki, İsrailin zərbələrindən əvvəl bir neçə gün əvvəl ABŞ-ın rəhbərliyi ilə Böyük Britaniya və Fransanın Suriyaya hava zərbələri endirməsi məsələsi müzakirə olunub. Bildirilir ki, Pentaqon hava zərbələrinin planını bir neçə ay əvvəldən hazırlayıb. Son həftələrdə isə Pentaqon strateqləri planı yeniləyiblər və Liviyada olduğu kimi koordinasiyalı hava zərbələrinin endirilməsinin detallarını işləyiblər.

Lakin prezident Barak Obamanın köməkçiləri deyirlər ki, ABŞ lideri Liviya ssenarisinin təkrarlanmasından çəkinir. Bunun səbəblərindən biri Suriyanın güclü Hava Hücumundan Müdafiə vasitələrinə malik olması və müxalifətin sıralarında çoxsaylı mücahidin döyüşməsidir. Obama israr edir ki, hərbi müdaxilə ancaq Əsədin kimyəvi silahdan istifadəsi halında mümkün ola bilər. Bu yaxınlarda Amerika kəşfiyyatı Suriyada zarin qazının tətbiq edildiyi haqda dəlillər əldə edib, lakin dəillər yoxlanılır.

BBC şərhçiləri isə qeyd edirlər ki, İsrailin aviazərbələri Əsəd rejimini və onun müttəfiqi "Hizbullah"ı çətin vəziyyətə salıb. Belə ki, Suriyanın İsrailə güc yoluyla istənilən cavabı irimiqyaslı münaqişəyə səbəb olacaq. Bu isə indi nə Əsədə, nə "Hizbullah"a sərf edir. Bu arada xəbərlərə görə, İsrail ordusu Suriya sərhədində cəmləşdirilir və Əsəd rejiminin mümkün cavab zərbələrinə hazırlıq görür. Bazar günü ölkənin şimalında mülki aviasiyanın uçuşları dayandırılıb. Hayfa şəhərinin meriyası sakinləri bomba sığınacaqlarında yerləşmək üçün hazırlıq tədbirləri görməyə çağırıb. Suriya ilə sərhəd ərazilərə raketdən müdafiə sisteminin iki batareyası yerləşdirilib. BMT baş katibi Pan Gi Mun Suriya ətrafında münaqişənin dərinləşməsindən narahatlıq ifadə edib. İsrail hərbi ekspertləri hesab edir ki, İsrailin və onun müttəfiqi "Hizbullah"ın cavab zərbələri endirəcəyi ehtimalı azdır.

The New York Times qəzeti isə yüksək rütbəli suriyalı məmura istinadən yazır ki, bazar günü endirilən aviazərbələrdə Əsəd rejiminə bağlı xüsusi təyinatlı qüvvələrin onlarla döyüşçüsü öldürülüb. Digər mənbə İsrail təyyarələrinin vurduğu obyektdə İranın İnqilab Keşikçiləri Korpusunun Əsədə köməyə gedən qüvvələrinin olduğunu xəbər verir. Müxalif qaynaqlar isə İsrail zərbələri nəticəsində Dəməşqdən şimalda 300-ə yaxın adamın öldüyünü və yaralandığını bildiriblər. Bildirilir ki, İsrail aviasiyası cəmi 43 hərbi obyekti vurub, bura Əsədin 4-cü diviziyasının qərargahı, "Skad" raketlərinin yeraltı bunkeri, İran hərbçilərinin yerləşdiyi iki hərbi briqada və elmi-tədqiqat institutu daxildir. Aviazərbələrdə 18 İsrail təyyarəsi iştirak edib.

Ərəb mənbələri isə xəbər verir ki, Bəşər Əsəd ABŞ-ın Moskvadakı səfirliyi vasitəsilə Vaşinqtona ultimatum göndərib. O, ABŞ-ın İsrail zərbələri ilə bağlı izahat verməsini tələb edir və 24 saat ərzində cavab almasa müharibəyə başlayacağı ilə hədələyir. Məktubda bildirilir ki, artıq o İsrail sərhədlərində HHM sistemləri və Rusiya istehsalı olan ən yeni "yer-yer" raketləri yerləşdirib. Suriyanın Moskvadakı səfirliyi isə bu məlumatı təsdiq etmir. İran XİN-in rəsmisi isə bildirir ki, Suriyanın cavab zərbəsi İsraili darmadağın edəcək. İran həmçinin Suriyaya hərbi təlimatçılar göndərməyə hazır olduğunu bildirib. Rəsmi Moskva isə İsrailin Suriyanı vurması ilə bağlı araşdırma apardığını açıqlayıb.(musavat.com)

AzNews.az