ABŞ yeni sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ İrana yeni sanksiya tətbiq etməyə hazırlaşır. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İran iqtisadiyyatına böyük zərbə vurmaq məqsədi daşıyan qanun layihəsi ilə bağlı ABŞ Senatının Demokrat və Respublika partiyalarından olan üzvləri arasında razılıq əldə olunub.

Bu sanksiyalarla ABŞ İranın nüvə proqramını dayandırmağı qarşısına məqsəd qoyur. Çünki yeni qanun layihəsi ABŞ-la müttəfiq olan ölkələrdəki İran bank hesablarını dondurmağa imkan verəcək. Qanun layihəsi İllinoys ştatını təmsil edən respublikaçı senator Mark Kirk və Qərb Virciniya ştatını təmsil edən demokrat senator Co Mançin tərəfindən hazırlanıb.

Qeyd edək ki, İran neft satışından əldə etdiyi gəlirləri avro şəklində xarici ölkələrdəki hesablarda saxlayır. İranın pul vahidinə beynəlxalq sanksiya tətbiq edildiyindən, neft alqı-satqısını həyata keçirə bilmək üçün 60-100 milyard dollar arasında olduğu ehtimal edilən pulunu xarici valyutalara çevirir.

AzNews.az