13:43
(077) 610-22-33

Ermənistanın sədrliyinə dair qətnamə təklifi irəli sürüldü

  • >
440 16 May 2013 14:33 | Dünya

Avropa Şurası Parlament Assambleyasında Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyinə dair qətnamə layihəsi irəli sürülüb

Bu barədə APA-ya AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib.

E. Süleymanov deyib ki, qətnamə layihəsini AŞPA-nın 8 üzv dövlətini təmsil edən 31 deputatı imzalayıb: "Bu, qurumun prosedur qaydalarına tam uyğundur. Belə ki, prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 25 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir".

Deputat Ermənistan Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcəyini xatırladıb: "Avropa Şurasına üzv olan bir dövlətin ərazilərini 20 ildən artıq bir müddət ərzində işğal altında saxlayan digər üzv dövlət olan Ermənistanın Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir quruma sədrlik etməsi bu qurumun üzvü olan və öz obyektivliyi və prinsipiallığı seçilən deputatları ciddi narahat etdi. Onlar bu səbəbdən Ermənistanın Nazirlər Komitəsinə sədrliyinə dair yeni qətnamə təklifi ilə çıxış etdilər. Əldə edilən məlumata görə, bu qətnamə təklifi artıq AŞPA-nın gündəliyinə salınıb".

Qətnamə layihəsində qeyd olunub ki, Parlament Assambleyasının üzvləri Ermənistanın mövqeyindən narahatdırlar və bu ölkənin sədrliyindən çox ehtiyat edirlər: "Biz Nazirlər Komitəsindəki həmkarlarımıza qarşıda gələn sədrliyi müddətində Ermənistanın mövqeyini ciddi şəkildə nəzərdən keçirməyi və təcavüzkar ölkə kimi öz mövqeyini düzəltməsi üçün təcili addımlar atmaları məqsədilə Ermənistan hakimiyyətinə istənilən növ təzyiq göstərmələrini tövsiyə etməyi düzgün və müvafiq hesab edirik. Bundan başqa, biz Büroya məsələ ilə bağlı Ermənistanın beynəlxalq qətnamələrə əməl etməməsi haqqında məruzə və ya qətnamə hazırlamasını tövsiyə edirik. Bu məruzəyə eyni zamanda Ermənistanın Avropa Şurasına qoşulduğu andan etibarən məsələ ilə bağlı Assambleya tərəfindən göstərilmiş təşəbbüslərin qiymətləndirilməsi də daxil edilməlidir".

AzNews.az
Bağla X