Ev alanlara lüks avtomobil hədiyyə olunacaq

Dubayda ev alana son model lüks avtomobil veriləcək.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Dubayda "Damac Properties" tikinti şirkətinin rəhbərliyi elit penthauslar alan bütün sahibkarlara 2014-cü ilin buraxılışı olan Lamborghini Aventador Roadster maşınlarını hədiyyə edəcək.

Bu barədə ənənəvi olaraq Dubayda hər il keçirilən alış-veriş festivalı zamanı bildirilib. İnşaat kampaniyasından unikal reklam aksiyası 2 fevrala qədər davam edəcək.

Bir az ucuz qiymətə ev alanlar isə evlərinin həcmindən asılı olaraq BMW və Mini Cooper maşını qazanacaqlar. Mənzillərin qiyməti barədə isə aksiya iştirakçıları məlumat verməyiblər.

Qeyd edək ki, bundan öncə də, "Damac Properties" şirkəti belə bir aksiya keçirib. 2013-cü ildə tikinti şirkəti öz alıcılarına Audi markalı avtomobil hədiyyə edib. Şirkətin əməkdaşları bildiriblər ki, bu yolla onlar daha çox alıcı qazanırlar.


AzNews.az