“Cin çıxarma“ faciəsi: ana 2 övladını öldürdü - FOTO

ABŞ-da yaşanan qorxunc olay ölkəni şoka salıb. Övladlarının vücudundan "cin çıxarmağa" çalışan ana 1 və 2 yaşlı uşaqlarını bıçaqlayaraq qətlə yetirib, iki övladını da ağır yaralayıb.

Milli.az bildirir ki, olay ABŞ-ın Merilend ştatındakı Cermantaun şəhərində yaşanıb.

28 yaşlı Zakeya Letris Eyveri 1,2, 5 və 8 yaşlı dörd övladının vücudlarına "cinlərin yerləşdiyi"ni düşünürdü. O, ekzorsizm, yəni "cin çıxarma" ayini keçirmək qərarına gəlib.

Bu "ayin" zamanı 1 yaşlı Norel Harris və onun 2 yaşlı bacısı Zyana Harris aldıqları bıçaq zərbələri nəticəsində həlak olublar.

5 yaşlı Tanya və 8 yaşlı Martello Harrislər isə çox ağır bıçaq yaraları ilə xəstəxanaya aparılıblar.

Zakeya Letris Eyveriyə "cin çıxarma ayini"ndə rəfiqəsi, 21 yaşlı Monifa Denis Senfordun yardım etdiyi deyilir.

Polis qatil ana ilə onun rəfiqəsini həbs edib.

Uşaqlar gecə saatlarında, otaqlarında yatanda qətlə yetiriliblər.
"Övladlarımın davranışında çox ciddi dəyişikliklər vardı. Onlar sürəkli qışqırır, bağırırdılar. Əmin oldum ki, balalarımın vücudlarına cinlər yerləşib. Həmin cinləri çıxarmaq istədim. Alınmadı", - Zakeya Letris Eyveri polisdə verdiyi ifadəsində bildirib.

Polisi dəhşətli olayın yaşandığı evə qonşular çağırıblar.

Zakeya Eyverinin qaynanası Silviya Ueyd The Washington Post-a verdiyi açıqlamasında deyib: "Gəlinim normal, sakit, təvazökar və səmimi insan idi. Onun belə davranmasının səbəbini bilmirəm. Düşünürəm ki, o, övladlarını öldürəndə ağlı başında olmayıb. Cin elə gəlinimin vücuduna yerləşibmiş".

Zakeya Letris Eyverinin 4 övladının atası qadının sabiq məşuqu, 30 yaşlı filadelfiyalı Harrisdir.

Harris indi Los-Anceles şəhərində yaşayır.

AzNews.az
image description