01:29
(077) 610-22-33

AŞPA-nın yeni sədri bu gün məlum olacaq

  • >
539 27 Yanvar 2014 09:28 | Dünya

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün Strasburqda keçiriləcək plenar iclasında əsas müzakirə məsələsi qurumun yeni sədrinin seçilməsi olacaq.

APA-nın xəbərinə görə, Assambleya üzvləri Lüksemburqun AŞPA-dakı nümayəndə heyətinin üzvü xanım An Brassör və Birləşmiş Krallığın nümayəndə heyətinin rəhbəri Robert Valter arasında seçim etməli olacaqlar.

Qeyd edək ki, qurumun builki qış sessiyasında 2012-ci ildən Assambleyaya sədrlik edən fransalı deputat Jan-Klod Minyonun mandatı bitir və Assambleya növbəti iki il müddətinə yeni sədrini seçməlidir. AŞPA sədri vəzifəsinə namizədlər qurumdakı siyasi fraksiyalar tərəfindən irəli sürülür və siyasi qruplar arasında razılaşdırılmış rotasiya prinsipinə dair "centlmen sövdələşməsi"nə əsasən, bu dəfə növbə An Brassörün rəhbərlik etdiyi Avropa naminə Demokrat və Liberallar Alyansı qrupunundur.

Xatırladaq ki, rotasiya prinsipinə dair razılaşmadan sonra bu vaxta qədər öz qrupları tərəfindən irəli sürülmüş liderlər rəqibləri olmadan, avtomatik olaraq Assambleyanın sədri vəzifəsinə seçilmiş olurdular. Ona görə də Avropa Demokrat Qrupunun sədri Robert Valter qrupdakı sədrliyindən istefa verərək, bu seçkilərə müstəqil namizəd kimi getmək məcburiyyətində olub. Onun namizədliyi AŞPA-nın sədri seçkilərinə dair prosedur qaydalarının 14-cü maddəsinə uyğun olaraq, qurumda təmsil olunan müxtəlif siyasi qrupların üzvləri tərəfindən irəli sürülüb.

Qurumun proseduruna uyğun olaraq, AŞPA sədri seçkilərində Assambleyada təmsil olunan milli nümayəndə heyətlərinin ancaq əsas üzvləri iştirak edə bilərlər. Sədrliyə namizəd seçkilərdə səsvermə hüququ olan 317 Assambleya üzvündən minimum 159-nun səsini qazanmalıdır. İlk iki turda səslərin parçalandığı və bu nəticəyə nail olunmadığı təqdirdə, üçüncü turda ən çox səs toplayan namizəd AŞPA sədri vəzifəsinə seçilmiş olur.


AzNews.az
Bağla X