18:56
(077) 610-22-33

Krım Ukraynanın tərkibindən “çıxdı”

  • >
975 11 Mart 2014 20:29 | Dünya

Kiyev tərəfindən qeyri-legitim elan olunan Krım parlamenti "müstəqillik aktı" qəbul edib; deputatlar Yanukoviçi Kiyevə çağırır; Avropa Birliyi iyunda Ukraynaya pul verəcək


Martın 11-də Krım Muxtar Respublikasının Parlamenti müstəqillik aktını qəbul edib. Parlamentdəki qaynaqların verdiyi xəbərə görə, səsvermədə 78 deputat iştirak edib. Yada salaq ki, rəsmi Kiyev son günlər dəfələrlə Krım Parlamentinin legitim olmaması ilə bağlı dəfələrlə açıqlama yayıb. Martın 12-də Ali Rada Krım Parlamentinin bütünlüklə buraxılması haqqında qərar qəbul etməli idi.

Krım Parlamentinin rəsmi səhifəsində yazılıb ki, müstəqillik bəyannaməsi 2010-cu il iyulun 22-də BMT-nin Kosovanın müstəqilliyi ilə bağlı qərarına uyğun hazırlanıb.

Rusiya Xarici İşlər Nazirliyi Krım Parlamentinin qəbul etdiyi müstəqillik bəyannaməsinin beynəlxalq hüquq normalarına uyğun gəldiyini elan edib. Bu haqda Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, bəyannamə Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Məhkəmənin Nizamnaməsinə tam uyğundur: "Eyni əsasla BMT Serbiyanın müstəqilliyi tanınıb. Serblərin müstəqillik cəhdini qiymətləndirən Beynəlxalq Məhkəmə bu addımın heç bir beynəlxalq hüquq normasını pozmaması haqqında qərar çıxarıb. Bu hüququ həmin məhkəmə prosesindəki çıxışlarında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, Danimarka və digər Qərb dövlətləri də müdafiə edib. Bu səbəbdən Rusiya Federasiyası Krım Parlamentinin qərarını tamamilə qanuni sayır".
Rusiya və Ukrayna qoşunlarının təmas xəttinə çevrilən Krımda gərginlik davam etməkdədir. Vətəndaşların silahlı insidentlərin qarşısının alınması üçün səylərinə baxmayaraq yarımadada xeyli provakatorun peyda olması haqqında xəbərlər var. Krım Tatar Məclisindən "Yeni Müsavat"a verilən açıqlamalarda bildirilir ki,
addım-addım məqsədinə yaxınlaşan Rusiya indi də hərbçiləri öz tərəfinə çəkməyə cəhd edir. Ukraynanın tabeliyində qalan hərbi hissələrə emissarlar göndərən Kreml təmsilçiləri onlara təslim olmaları üçün iri məbləğlər təklif edir.

Belə bir xəbəri REUTERS informasiya agentliyi də yayıb.
Baxçasaraydakı hərbi hissəyə gələn qeyri-legitim Krım hakimiyyətinin təmsilçiləri hərbçilərdən təslim olmağı tələb ediblər. Hərbi hissə komandirinin müavini Vladimir Dokuçayev deyir ki, əraziyə gələn şəxslər özlərini Sevastopol dövlət administrasiyasının rəhbəri elan etmiş Çalovun göstərişini yerinə yetirdiklərini deyiblər: "Onlar bizə iri məbləğlər təklif edərək özünü Krımın rəhbəri elan edən qüvvələrə sədaqət andı içməyimizi istədi. Təbii, biz bundan imtina etdik və döyüşçü şərəfi ilə onlara layiq olan cavabı verdik".

Son günlər bir neçə dəfə "öldürülən", "komaya düşən", "beyninə qan sızan" eks-prezident Viktor Yanukoviç isə yenidən gündəmdədir. O, növbəti dəfə Ukraynaya sadiq olması ilə bağlı bəyanatlar verib. 100 nəfər jurnalistin iştirakı ilə keçirilən mətbuat konfransında Yanukoviç deyib ki, Ukraynanın qanuni prezidenti və Ali Baş komandanı olaraq qalır.

Martın 11-də onun keçmiş müşaviri, Ala Radanın üzvü Anna German Yanukoviçə Krıma gəlməsini təklif edib. German yaxın günlərdə Viktor Yanukoviçlə bu məsələni müzakirə etdiyini də deyib: "Mən hələlik onun bu haqda bəyanatını ictimaiyyətə açıqlamaq istəmirəm. Ancaq onun keçmiş müşaviri kimi hesab edirəm ki, indi buna çox ehtiyac var. Krımın Yanukoviçə çox ciddi ehtiyacı var. O, Krımın Ukraynada qalmasına vasitəçilik edə bilər. Hər halda o, bu ölkənin seçilmiş prezidentidir. Digər məsələləri isə sonradan nizamlamaq mümkündür".

Yanukoviçin Ali Radadakı tərəfdarlarından bəziləri isə eks-prezidentin təhlükəsizliyinə təminat verilməsini və onun Kiyevə dönməsini istəyir. Belə bir təklifi deputat Gennadi Moskal səsləndirib. Moskal onun "yolüstü" Krıma getməsinə də tərəfdar olduğunu deyib : "Yanukoviçin Krımda olması vacibdir. Bundan sonra isə o, Kiyevə dönməli və seçki hazırlıqlarına başlamalıdır".

Martın 11-də Avropa Birliyi birtərəfli qaydada Ukrayna ilə dərin, genişmiqyaslı azad ticarət zonası haqqında Sazişi işə salıb. Saziş üzrə Ukraynaya hər il Beynəlxalq Valyuta Fondundan 500 milyon avro alacaq. Bu haqda Brüsseldə media təmsilçilərinə açıqlama verən Avropa Komissiyasının sədri Joze Manuel Barrozo bildirib ki, Qərbin Ukraynanın dirçəlişinə yönəlik addımları bundan sonra da davam edəcək: "Bu vəsait ən geci bu ilin iyununda Ukraynada olacaq. Hesab edirik ki, bu məbləğ Ukraynada islahatlara başlanması üçün ilkin mərhələyə yetərlidir. Bəllidir ki, Ukraynanın iqtisadi gücünün artırılması üçün səylər davam edir. Ümid edirik ki, beynəlxalq birliyin səyləri ilə azad, suveren, təhlükəsiz Ukrayna Avropaya inteqrasiya yolunu davam etdirəcək".

Barrozo bildirib ki, Avropa Birliyi 25 may prezident seçkiləri öncəsi Ukrayna ilə daha bir siyasi saziş imzalayacaq: " Ukrayna bundan sonra Avropa Birliyi ilə çiyin-çiyinə addımlayacaq. İqtisadi və siyasi qərarlar Ukrayna vətəndaşları üçün də, sənaye üçün də Avropanı daha çatımlı edəcək. Bizim göstərdiyimiz yardım sadəcə humanist dəstək deyil, Ukraynanın köhnə dönəmdən qurtuluş projesinin bir hissəsidir".

Yerli ekspertləri düşünür ki, Avropa Birliyinin bu addımı ilə ilk sırada kənd təsərrüfatında dirçəliş yaşanacaq. İlkin hesablamalara görə, aqrar sektorun Avropa Birliyinin yaratdığı bu imkandan illik qazancı 300 milyon avrodan artıq ola bilər.(Musavat.com)
Bağla X