Krımda ABŞ-ın kəşfiyyat təyyarəsi ələ keçirilib

Krım səmasında ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsi saxlanılıb.

Bu barədə Rusiyanın "Rostex" dövlət şirkəti xəbər yayıb.

"Saxlanılan MQ-5B tipli pilotsuz təyyarə ABŞ-ın Bavariyada yerləşən 66-cı kəşfiyyat briqadasına məxsusdur", deyə şirkətin açıqlamasında bildirilir.
Açıqlamada həmçinin qeyd olunur ki, martın əvvəlindən ABŞ-ın kəşfiyyat briqadası Ukraynanın Kirovoqrad vilayətində fəaliyyətə başlayıb və buradan Krım üzərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirirlər.
"Hətta pilotsuz kəşfiyyat təyyarələri düz Rusiya sərhədinə kimi gəlirlər. Bəzi məlumatlara görə, Krım səmasında 18 MQ-5B tipli təyyarə uçuşlar həyata keçirib. Təyyarələr təxminən 4 min yüksəklikdə uçub və demək olar ki, yerdən gözlə görmək mümkün olmur", deyə "Rostex"in açıqlamasında qeyd olunur.

Xatırladaq ki, ABŞ-ın 66-cı kəşfiyyat briqadasına məxsus MQ-5B tipli pilotsuz təyyarəsi saxlanılan ikinci təyyarədir.(ANS)