Krım əldən getdi…

Sənəd № 5559 CC

...1944-cü il. Sovet İttifaqı üçün müharibədə dönüş ili idi. Həmin il Krım tatarları üçün isə məcburi deportasiya ilə yadda qaldı. Səbəb Stalinin silahdaşı L.P.Beriyanın həmin il mayın 10-da yazdığı məktub oldu: "Əfsanəvi Krım torpağının qədim sakinləri - Krım tatarları Vətənə və Sovet Ordusuna xəyanət edərək, düşmən cəbhəsinə - almanlar tərəfə keçiblər. Sovet xalqına qarşı etdikləri xainlikləri nəzərə alaraq, Sizə bildirmək istəyirəm ki, onların Sovetlər Birliyinin belə gözəl və əhəmiyyətli guşəsində yaşamamaqları üçün bütün Krım tatarlarının Krımın hər yerindən yığılıb köçürülməsi haqqında layihəmizi və SSRİ Daxili İşləri üzrə Xalq Komissarlığının (NKVD) qərarını baxılmaq üçün təqdim edirik".
Bir xalqın taleyini viran eləmək üçün yazılmış bir məktub və sənəd!!! Bu müdhiş sənədin nömrəsi № 5559 CC idi.
Və bu məktubun cavabı özünü çox gözlətmir. 18 maydan etibarən 2 gün ərzində 191044 Krım tatarını 67 eşalon qara, pəncərəsiz mal –heyvan vaqonlarına doldurub, Özbəkistana sürgün etdilər.
1944-cü ilin 20 mayında saat 16.00-da sürgün və köçürülmə əməliyyatı başa çatdı. Məcburi köçürülənlərə adambaşına 8 kilo un, 8 kilo tərəvəz, 2 kilo düyü götürməyə icazə vermişdilər. Krımın yenidən qurulması üçün isə dövlət 37250 rubl vəsait ayıraraq, Krım tatarı olmayan hər kəsi bölgəyə dəvət etdilər. Krım tatarlarsız qaldı.

Krım xalqının milli lideri Yuri Bəkir oğlu Osmanov

Nəhayət ki, daim Vətən həsrəti ilə uzaqlarda yaşayan Krım tatarlarının doğma torpaqlara qayıtmaq arzuları və mübarizələri 1989-cu ilin noyabrında reallaşdı. SSRİ Ali Soveti "Krım tatar xalqının problemləri üzrə SSRİ Ali Soveti Komissiyası işinin yekunları haqqında" DEKLARASİYA Krım tatarlarının tarixi vətənə qayıtması üçün təminat oldu. Bu sənəd qəbul olunana kimi isə Krım tatarlarının çox görkəmli mübarizləri nə bəlalar, işgəncələr çəkdilər. Dissident olub, sovet həbsxanalarında yatdılar.
Onlardan biri də Yuri Bəkir oğlu Osmanov idi. Ömrünü öz xalqının Krıma köçürülməsinə, azadlığına sərf etdi. Onunla 1990-cı ildə Daşkənddə tanış olmuşdum. Çox hündürboylu, son dərəcə savadlı, istedadlı, həsəd aparıla biləcək dərəcədə ağıllı və iti yaddaşlı Yuri Bəkir oğlu söhbət əsnasında dedi ki, Sovet rejimi onu məhkum edib, Sumqayıtdakı Şüşə zavoduna islah olunmaq üçün göndərmişdi. O isə özü şərqşünas, fəlsəfə alimi olmağına baxmayaraq, bu zavodda insanların əməyini yüngülləşdirmək üçün bir neçə layihə irəli sürmüş və bu layihələr istehsalatda çox uğurla tətbiq olunmuşdu. Sonra isə mənə Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasından bir neçə bəndi rus dilində əzbər demişdi. Onu da bildim ki, atası Bəkir Osmanov da öz zamanında Krım Tatar Milli Hərəkatının banisi olub. Oğul Yuri isə atasının arzularının və yarımçıq qalmış ideyalarının davamçısı kimi, həmin amal uğrunda vuruşdu, canından, malından keçdi!!! Əqidəsindən, məsləkindən keçmədi!!! Hətta psixi xəstəxanalar belə, onu yolundan sarsılda, əqidəsini qıra bilmədi!!! 1989-cu ildən başlayaraq Krım tatarları tək-tək Vətənə qayıtdılar.
Krım Tatar Milli Hərəkatının lideri Yuri Osmanov deyirdi ki, krımlıları öz tarixi vətənlərində duz-çörəklə qarşılamayacaqlar. Və çıxışlarının birində söyləmişdi: "Bizi bir oyuna salıblar. Sənədsiz torpaqlar verirlər. Bu torpaqlara yiyələnmək üçün də başımız çox bəlalar çəkəcək. Asanlıqla sahib ola bilməyəcəyik... Lakin biz, öz tarixi Vətənimizə sahib oluncaya qədər bu Vətəndə bitəcəyik!!!".
Və... 1990-cı ildə "Deportasiya edilmiş xalqların işi üzrə Komitə" yaratdı. 1993-cü ilin 4 oktyabrında Krım Tatar Hərəkatının işçi qrupu ilə İstanbula getdi. Krım tatar xalqının LİDERİ Yuri Osmanov "Araket" qəzetində görəçəkləri bütün işləri yazdı. Planlarını açıqladı. Bu o zaman idi ki, Ukraynada prezident seçkiləri və 50 illik fasilədən sonra Krım Ali Sovetinə seçkilər başlayacaqdı...


... 6 noyabr 1993-cü il axşam Ukrayna kütləvi informasiya vasitələri belə bir xəbər yaydılar: "Krım Tatar Milli Hərəkatının lideri Yuri Bəkir oğlu Osmanov axşam saat 6 radələrində Simferopolda (Ağməçiddə) məlum olmayan şəraitdə, naməlum şəxlər tərəfindən qətlə yetirilib...".
Sonradan bu cinayətin motivini bir qrup xuliqan tərəfindən xuliqanlıq zəminində edilən cinayət kimi tövsiv edəcəkdilər. Nə yazıqlar olsun ki, xuliqanlar Yuri Osmanovu öldürərkən cibindəki puluna və qolundakı saatına toxunmayacaqdılar. İdmanın bir çox növünə bələd olan, 190 sm boya malik kişini sən demə xuliqanlar qətlə yetiriblərmiş... Təbii ki, sifarişçiləri tapmaq, Rusiyaya o vaxt çox yaxın olan Ukraynaya sərf etmirdi. Əsas o idi ki, LİDER aradan götürülmüşdü. 52 yaşlı Yuri Osmanov xalqını Vətəninə qaytarandan sonra, qətlə yetirildi...

Krımlılar Krımda bitməyə başladı...

Çətinliklə də olsa, 24 ildir ki, tatarlar ANA KRIMda bitməyə başlayıblar. Məni Krıma dostlarım bağlayır. Krım tatarı olan dostlarım, orada yaşayan azərbaycanlı dostlarım. Zera Bəkirova - türk dünyasının tanınmış yazarı, jurnalisti, 100 yaşlı "Yeni Dünya" qəzetinin baş redaktoru. Rəhim Hümbətov - Krımdakı Azərbaycan diasporunun sədri. Daşkənddə jurnalistikadan mənə dərs deyən Bekir Ablayeviç. 1996-ci ildə Krım tatarları məni Bəkir Çobanzadə adına diploma layiq gördülər. 2012-ci ildə Krıma dostlarımı görməyə getmişdim. Gerey xanlığından yadigar qalmış Ağməçidə (Simferopola). Ruslar işğal edənə qədər bu şəhərin adı Açməçid olub. Krım tatarları onu elə belə adlandırırlar. Baxcasarayın, Ağməçidin, Yaltanın bazarlarını gəzəndə xeyli sevinmişdim. Kurortlar diyarı olan dünyanın bu gözəl göbəyində Krım tatarları artıq öz milli adət-ənənələrinə uyğun olan suvenirlər, məişət əşyaları satırdılar... Sevindim ki, krımlılar artıq öz mədəniyyətlərini dirçəldiblər. Bu milli məişət əşyaları, əl işləri ilə Krımın sahibi olduqlarını bir daha təsdiq etmişdilər. Lap az vaxt qalmışdı ki, Yuri Bəkir oğlu Osmanovun Krımı azad görmək arzusu baş tutsun...

...Qərbin və Risuyanın mənfur oyununa uyan başıboş, səriştəsiz Ukrayina liderləri, Krımı əldən verdilər. Qara dənizin sahillərində yerləşən Türk dünyasının baş tacının ən bahalı və qiymətli daşını qoruya bilmədilər. Öz oyunlarında Krımı imperializm canavarına uduzdular. KRIM ƏLDƏN GETDİ... Onu daha qaytarmaq çətin olacaq. Necə ki, biz Qarabağı qaytara bilmədik!!!

Söz vaxtına çəkər deyiblər. 2004-cü ildə mart ayının 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana ilk rəsmi səfəri zamanı bizim jurnalistlər Özbəkistanın prezidenti İslam Kərimova Qarabağ münaqişəsi barədə sual ünvanladılar. Müdrik İslam Kərimov belə cavab verdi: "Qarabağ münaqişəsi ermənilərin deyil, böyük dövlətlərin oyunudur...".
İndi o böyük dövlətlər Ukraynanı da oyuna saldılar. Hələ bu kəsilən Krım ağrısı onların çox yandıracaq. ATƏT, Avropa Şurası, BMT nə qədər qərar çıxarsa da, boş şeydir... Əslində Ukraynanı oyuna salanlar, indi kənardan müşahidəçi qismində tamaşa edirlər. Krımlıları hər kəs satdı. Bu boyda dünyada bir dövlət əlini qaldırıb, rus ayısına "dayan!" demədi... Rusiya hansı qərara əməl edir ki. O özü oyunçudur. Hələ ki, meydanda qalib odur. Belə oyunlarda çox əzilən isə türk mənşəli, müsəlman dinli ölkələr və vətəndaşlar olur...
Krım da Çeçenistan, Osetiya, Dağıstan, İnquşetiya, Tatarıstan kimi Rusiyanın müstəmləkəsi oldu. 400 minə qədər Krım tatarı yenə rusa yem oldu!!!
Ona görə də bütün dünyanın TÜRKLƏRİ BİRLƏŞİB, TÜRK QLOBALİZMİNİ yaratmalıdırlar. Bəlkə bu birlik bizi ayaqda saxlaya bildi. Yoxsa ki, AMAN, XAÇ YÜRÜŞÜNDƏN!!!


Aida Eyvazova

AzNews.az