Barak Obama Rusiyanı yeni sanksiyalarla hədələdi

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Moskva beynəlxalq hüquq normalarına əməl etməyə hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə Rusiya və Qərb ölkələri arasında münasibətlər yaxşılaşacaq.

"Məhz Rusiya məsuliyyətli olmağa və beynəlxalq hüquq normalarına əməl etməyə dair iradəsini nümayiş etdirməyə qərar verməlidir. Əgər o bu yolla irəliləmək qərarına gələrsə, düşünürəm ki, biz yaxşı nəticə əldə etmiş olacağıq". APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Obama Haaqada nüvə təhlükəsizliyinə dair sammitin yekununda keçirilmiş mətbuat konfransında bildirib.

"Rusiyanın lazımi addımların atılması üçün variantı var: Ukrayna hökuməti Moskva ilə danışıqların aparılmasına hazır olduğunu bəyan edib", deyə ABŞ prezidenti əlavə edib.

Bununla belə, Barak Obama qeyd edib ki, ABŞ və Avropa Birliyi iqtisadi sanksiyalar da daxil olmaqla, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdırlar.

"Əgər Rusiya bu yolla getməyə davam edərsə, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə də sanksiyalar tətbiq olunacaq", deyə Obama bildirib. Onun sözlərinə görə, sanksiyalar energetika, maliyyə və ticarət sahələrini əhatə edə bilər.

AzNews.az