ABŞ və Avropa Rusiyaya qarşı vahid cəbhədə birləşir

ABŞ prezidenti Barak Obama və Avropa Birliyi ölkələrinin liderləri Rusiyaya qarşı vahid cəbhədə birləşmək qərarına gəliblər.

Barak Obama Belçikanın paytaxtı Brüsseldə çıxışı zamanı bildirib ki, Qərb ölkələri həmrəylik göstərdikcə, Rusiyanın tamamilə təcrid olacaq:

"Avropanın 28 ölkəsi və NATO-nun 28 ölkəsi birlikdədir. Böyük 7-lik ölkələrinin hər bir lideri Rusiyaya qarşı sanksiya tətbiq edib. İyunda keçiriləcək G7-lik sammitində də Rusiya iştirak etməyəcək. Əgər Rusiya rəhbərliyi düşünürsə ki, Ukraynadakı hərəkətləri ilə ABŞ-la Avropa Birliyinin münasibətlərini korlamağa nail olacaq, bunu doğru dəyərləndirməyib".

Avropa Birliyi ölkələri Rusiyadan ticarət asılılığını azaltmaq məqsədilə trans-atlantik ticarət və investisiya tərəfdaşlığı məsələlərini də dəyərləndiriblər. Avropa Şurasının prezidenti Herman Van Rempey qeyd edib ki, belə bir ittifaq Rusiyaya qarşı qalxan rolunu oynaya bilər. Lakin, onun sözlərinə görə, hazırda Ukrayna ilə bağlı bəzi məsələlər qeyri-müəyyən olduğu üçün hər hansı bir məqsədlə qətiyyətli addımlar atmaq doğru deyil.(ANS)