Bəşər Əsəd hakimiyyətdən salındı

Ərəb Liqası Suriyanın müxalifət təmsilçisi olan Suriya Milli Şurasına liqa tərkibində mandat ayırmağa razılıq verib.

Küveytin eyni adlı paytaxtında baş tutan 25-ci Ərəb Liqası sammitində Suriyanın gələcəyi gündəmin əsasını təşkil edib. Liqanın baş katibi Nəbil Ələrəbi mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, Suriyada sülhün bərqərar olması üçün rəsmi Dəməşq və müxalifət nümayəndələrinə qarşı təzyiqlər davam etdirilir: "Cenevrə danışıqlarının bərpa edilməsi üçün hər iki tərəfə qarşı təzyiqlər göstərilir. Növbəti görüşlərdə, nəhayət ki, müəyyən uğurlar əldə olunmasına çalışacağıq". Suriya Milli Şurasının mətbuat katibi Luey Səfi Ərəb Liqasının dəvəti ilə bağlı münasibət bildirib. Müxalifət təmsilçisi qeyd edib ki, Milli Şura Ərəb Liqasından əsasən müxalifətə və Suriya xalqına dəstək olmasını tələb edəcək: "Biz rejimin bombardmana son qoymasını, qətliamları dayandırmasını və keçid hökumətinin bərqərar olmasını istəyirik. Ərəb Liqası buna nail olmağa çalışmalıdır. Digər bir halda isə, ən azından, nahaq qanın tökülməsinə son vermək lazımdır". (ANS)