“Rusiya Ukraynaya hücum edəcək” - ABŞ kəşfiyyatı

ABŞ-ın hərbi kəşfiyyatı Konqresə təqdim etdiyi məlumatda Rusiyanın şərqi Ukraynaya hücum ehtimalının artdığından xəbər verib.

AzNews.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin hesabatında bildirilib ki, Ukraynanın şərq vilayətlərinin ələ keçirilməsi məqsədilə son 3-4 gündə Rusiyada təhlükəli hərəkətlənmə müşahidə olunur: "Daha əvvəl belə təhlükənin az olduğu ehtimal edilsə də, proses narahatlıq yaradır".

Sənəddə Rusiya Ordusunun hərəkət istiqaməti də öz əksini tapıb: "Rusiya Silahlı Qüvvələri Xarkov, Luqansk və Donetsk şəhərlərini ələ keçirməklə ölkənin əsas hissəsinin Krımla birləşdirilməsinə nail olmaq istəyir. Hazırda Rusiya Ordusu Rostov-na-Donu, Kursk və Belqorod vilayətlərində möhkəmlənir. Ukrayna ilə sərhəd olan bu əraziyə artıq 30 min hərbi əməliyyatlara hazır olan qüvvə toplanıb. Bundan başqa ölkənin içində dislokasiya olunan hərbi birləşmələr də döyüş hazırlığına gətirilib".

ABŞ kəşfiyyatı Moldovanın Dnestryanı və Baltikyanı ölkələrin də təhlükədən sığortalanmadığına dair xəbərdarlıq edib.

Məhəmməd
AzNews.az