Sabiq prezident dövlətə xəyanətdə ittiham edildi

İslamabadda Pakistanın sabiq Prezidenti general Pərviz Müşərrəfin dövlətə xəyanətlə bağlı işinə baxan xüsusi məhkəmə bazar ertəsi ona bu cinayəti törətməsi ilə bağlı rəsmi ittiham irəli sürüb. Bu barədə ölkənin DAWN qəzetinə istinadən RİA Novosti xəbər yayıb.

Məhkəmə iclasnda şəxsən iştirak edən 70 yaşlı generalın özü isə onun ünvanına səsləndirilən bütün ittihamları "əsassız" adlandırıb və günahsız olduğunu bəyan edib.

İttihama görə, 2001-ci ildən 2008-ci ilədək Pakistan Prezidenti postunu tutan Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyət elan edərək Ali Məhkəmənin hakimlərinin həbs edilməsini əmr etməklə dövlətə xəyanət edib. Pakistan qanunlarına görə, dövlətə xəyanət ölüm cəzası və ya ömürlük həbslə cəzalandırılır.

Xatırladaq ki, dövlətə xəyanət haqqında iş ötən il Pakistan hökumətinin təşəbbüsü ilə qaldırılıb.

AzNews.az