Pərviz Müşərrəfə sui-qəsd edildi

Pakistanın sabiq Prezidenti Pərviz Müşərrəfə qarşı sui-qəsd törədilib. İnsident nəticəsində sabiq lider xəsarət almayıb. Bu barədə "Frans Press" agentliyi yerli polisə istinadən xəbər yayıb.

Məlumata görə, naməlum şəxslər ölkənin sabiq Prezidentinin avtomobilini partlatmağa cəhd göstəriblər. Bomba körpünün altında gizlədilib. Partlayıcı qurğu sabiq dövlət başçısının avtomobilinin körpüdən keçməsindən 20 dəqiqə əvvəl işə salınıb.

Çərşənbə günü Pakistanın Daxili İşlər Nazirliyi sabiq Prezidentin vəkilinin onun adının ölkəni tərk etməsi qadağan edilən şəxslərin siyahısından çıxarılması haqqında ərizəsini rədd edib. Muşərrəfin adı DİN-in "qara siyahı"sına keçən il Sind vilayətinin ali məhkəməsinin qərarı ilə daxil edilib.

Müşərrəf dəfələrlə Dubayda müalicə olunan 95 yaşlı xəstə anasını görmək üçün oraya uçmaq istəyi ilə bağlı müraciət edib. Bundan başqa onun vəkilləri P.Müşərrəfin müalicə kursu keçməsi üçün ABŞ-a getməsinin vacib olduğunu bildirirlər.

Bazar ertəsi İslamabadda Pakistanın sabiq Prezidentinin dövlətə xəyanətlə bağlı işinə baxan xüsusi məhkəmə ona bu cinayəti törətməsi ilə bağlı rəsmi ittiham irəli sürüb. Məhkəmə iclasında şəxsən iştirak edən 70 yaşlı generalın özü isə onun ünvanına səsləndirilən bütün ittihamları "əsassız" adlandırıb və günahsız olduğunu bəyan edib.

İttihama görə, 2001-ci ildən 2008-ci ilədək Pakistan Prezidenti postunu tutan Müşərrəf 2007-ci ildə fövqəladə vəziyyət elan edərək Ali Məhkəmənin hakimlərinin həbs olunmasını əmr etməklə dövlətə xəyanət edib. Pakistan qanunlarına görə, dövlətə xəyanət ölüm cəzası və ya ömürlük həbslə cəzalandırılır.
Xatırladaq ki, dövlətə xəyanət haqqında iş ötən il Pakistan hökumətinin təşəbbüsü ilə qaldırılıb.

AzNews.az