15 ildir çipsidən başqa heç nə yemir - FOTO

İngiltərədə yaşayan Xanna Litl adlı 20 yaşlı gənc qız qeyri-adi xəstəlikdən əziyyət çəkir.

AzNews.az-ın məlumatına görə, Xanna 15 ildir çipsidən başqa heç bir qida qəbul edə bilmir. 5 yaşından başlayan xəstəlik nəticəsində qız digər yeməklərə baxmaq belə istəmir. Xəstəliyi ilə mübarizə aparmaq üçün bir müddət əvvəl həkimə müraciət edib. Tətbiq olunan xüsusi pəhrizlər Xannanın vəziyyətini daha da pisləşdirib. Lakin hipnoz-terapiyanın ilk seansından sonra 20 yaşlı gənc ilk dəfə pizza yeyib. Qız bunu böyük addım adlandırıb: "Mən kartofu seçmişdim, çünki bu ərzaqda qeyri-adi heç nə yoxdur. Bir neçə inqrediyentdən hazırlanmış yeməklər məndə ürəkbulanması yaradırdı və məni dəhşətə gətirirdi. Dəvət aldığım yerlərdə insanların bişirdiyi yeməklərdən imtina edirdim və buna görə müxtəlif yalanlar uydurmağa məcbur olurdum. Bu dəhşətli idi!"

Psixoloqlar belə vəziyyətləri ağır psixi travmalarla əlaqələndirirlər: "Pasient aldığı travmanın səbəbini xatırlamaya bilər, amma uşaqlıqda yaşadığı hansısa hadisə insanda ömürlük iz buraxır. Bununla mübarizənin müxtəlif üsulları var".

Elə qəhrəmanımız Leyla Əkbərova da 13 ildir ki, ağartı məhsulları qəbul etmir. Deyir ki, ağartıdan imtina etdiyi üçün sümüklərində əyilmə prosesi başlayıb, orqanizmi bundan yaranan müxtəlif xəstəliklərlə mübarizə apara bilmir. Çarə tapmaq üçün psixoloqa müraciət edib, amma nəticəsiz qalıb. Bir çox pasientdən fərqli olaraq, L. Əkbərova aldığı psixi travmanın səbəbini də xatırlayır: "Bir nəfərin çirkli əllərlə pendir yediyini gördüm. Ondan sonra heç vaxt ağartı məhsulları yeyə bilmirəm. Hətta iyi belə gələndə, özümü pis hiss edirəm. Özümlə mübarizə apara bilmirəm".

Nigar
AzNews.az