İran və Suriya yenə hədəfdədir

Körfəz Əməkdaşlıq Təşkilatının üzvləri Suriyada hökumət qüvvələrinin müxaliflərə qarşı ağır silah və hərbi təyyarələrdən istifadə etməsini ciddi tənqid edib. Qurum həmçinin İran hakimiyyətindən ərəb ölkələrinin daxili işlərinə müdaxilə etməməyi tələb edib.

Səudiyyə Ərəbistanın Cəddə şəhərində toplantı keçirən qurumun 6 üzvü beynəlxalq ictimaiyyəti Suriya xalqını dəstəkləməyə və hakimiyyət qüvvələrinin silahsız insanlara qarşı zorakiliğının qarşısını almağa çağırıb.

Qoşulmayanlar Hərəkatının Tehranda keçirilən sammiti zamanı Misir prezidenri Məhəmməd Morsinin çıxışının səhv tərcümə edilməsi də qurumu ciddi narahat edib. Qeyd edək ki, İran televiziyasından canlı yayımlayarkən tərcümədə Suriya yerinə işlədilən Bəhreyn sözü bu ölkənin rəsmilərini və Körfəz Əməkdaşlıq Təşkilatının üzvlərininin qəzəbinə səbəb olub. Təşkilat üzvləri Tehran sammiti zamanı səhv tərcümə olunan çıxışa işarə edərək İrandan belə təxribatçı hərəkətlərə son qoymağı tələb edib.

Məlumat üçün bildirək ki, Bəhreyn səhv tərcüməyə görə İrana nota verərək buna görə üzr tələb edib. İran Televiziya Şirkətinin prezidenti İzzətullah Zərğami tərcümənin yanlış olduğunu etiraf edərək bunu "tərcüməçinin səhvi" adlandırıb.

Alpər
AzNews.az