«Əl-Qaidə» liderinin qardaşı sülh təklif edir

"Əl-Qaidə" terror təşkilatının rəhbəri Ayman Zəvahirinin qardaşı Məhəmməd Zəvahiri islamçılarla qərb ölkələri arasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

CNN-ə müsahibəsində M.Zəvahiri münaqişə tərəfləri arasında sülhün əldə edilməsinə yardım göstərə biləcəyini açıqlayıb. Bununla yanaşı M.Zəvahiri bu təklifin radikal islamçılar tərəfindən qəzəblə qarşılanacağını da istisna etməyib.

M.Zəvahirinin 6 səhifəlik sülh planına əsasən tərəflər 10 il müddətində sülh razılaşması əldə edə bilərlər. Lakin buna nail olmaq üçün ABŞ və Qərb islamla müharibəyə son qoymalı, islam ekstremzimində günahlandırılaraq həbsdə saxlanılanları azad etməli, müsəlmanların təhsil sisteminə müdaxiləni dayandrmalıdır. Buna qarşılıq olaraq islamçılar hücümlara son qoya, yeni qarşıdurmalar yaratmaqdan çəkinə bilərlər.

Məlumat üçün bildirək ki, M.Zəvahiri Misir həbsxanasında 14 il qaldıqdan sonra Hüsnü Mübarəyin devrilməsi nəticəsində azadlığa buraxılıb.

E.Əlosmanqızı
AzNews.az