Qəzzada “Şərtsiz atəşkəs“ elan olundu

İsrail və Fələstin qruplaşmaları, o cümlədən Hamas Misirin Qəzza sektorunda humanitar məqsədlə atəşin dayandırılmasını nəzərdə tutan planını qəbul etməyə razılaşıblar.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, atəşin dayandırılması haqda razılıq çərşənbə axşamı yerli vaxtla saat 08:00-da qüvvəyə minib.

Bazar ertəsi İsrail birtərəfli qaydada yeddi saatlıq atəşkəs elan etsə də, sonradan döyüş əməliyyatlarını bərpa edib.

Tərəflər bundan əvvəl atəşin dayandırılması haqda dəfələrlə elanlar versə də, bu razılaşmalar hər dəfə pozulub.

"Şərtsiz atəşkəs"

Ən son atəşin dayandırılması məsələsi Qahirədə İsrailin iştirakı olmadan müxtəlif Fələstin qruplaşmaları ilə müzakirə olunub.
Sonra İsrailin təmsilçisi BBC-yə deyib ki, "İsrail Misirin təklif etdiyi şərtsiz 72 saatlıq atəşin dayandırılması haqda layihəni qəbul etməyə razıdır".

Eyni sözləri Qəzzada hakimiyyəti əlində saxlayan Hamas qruplaşmasının nümayəndəsi də bəyan edib.

Misir, əvvəl də atəşin dayandırılması üçün oxşar razılaşma təklif edib, bu təklif İsrail tərəfindən qəbul olunsa da, Hamas təklifi rədd edib.

Yeni razılaşma, həm də tərəflərin Qahirədə yeni danışıqlıqlarını nəzərdə tutur.

Fələstinlilərin əsas tələbləri olduğu kimi qalır- İsrail qüvvələrinin Qəzzadan tam çıxması, sektorun mühasirəsinin dayandırılması və sərhəddə keçid-yoxlama məntəqələrinin açılması.

AzNews.az