02:10
(077) 610-22-33

Baş nazirdən şok: “Basayev Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edib”

  • >
986 14 Avqust 2014 09:31 | Dünya

İçkeriya-Çeçen Respublikasının Londonda mühacir həyatı yaşayan Baş naziri Əhməd Zakayev Ukraynadakı proseslər və Rusiya Prezidenti Vladimir Putinin Donbas vilayəti uğrunda savaş aparması barədə geniş müsahibə verib.



Axar.az xəbər verir ki, jurnalistərin ilk sualı Putinin Donbasdakı məqsədləri ilə bağlı olub. Zakayevin sözlərinə görə, Putinin əsas məqsədi Ukraynanın şərqində gərginlik yaratmaqla Kiyevin, həmçinin dünyanın Krıma olan hədəflərini arxa plana keçirməkdir. O əlavə edib ki, Ukrayna Kremlin imperiya qurmaq arzularını alt-üst edib.

Hazırda Ukraynanın şərqində gərgin döyüşlərin getdiyini bildirən Zakayev vurğulayıb ki, bu yöndə Putinin aqressiv siyasəti onun özünü küncə sıxıb. Çeçen mühacir Rusiyanın qonşusuna qoşun yeridib-yeritməyəcəyinin Ukraynanın hazırlığından asılı olduğunu dilə gətirib:

"Amma hazırda Kiyev inamlı addımlar atır, Moskvanın həmlələrinə yetərincə müqavimət göstərir".

Zakayev jurnalistin bir qrup çeçen yaraqlısının separatçılar tərəfdə savaşması sualına da aydınlıq gətirib:

"Məndə onların dəqiq sayı barədə məlumat yoxdur. Müharibə itlərinin milliyyəti olmur. Bəli, bu gün ukraynalılarla savaşanlar var. Amma onların çeçenlərə heç bir aidiyyəti yoxdur. Onlar Rusiya ordusunu seçməklə cəlladlıq edirlər. Mən və mənim kimilər buna çox üzülür. Problem bu itlərdə deyil, onları göndərənlərdədir".

Ukraynalı jurnalist Zakayevdən Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya 74 min çeçen döyüşçü göndərmək gücündə olması fikrinə münasibətini də soruşub:

"Bu, uydurmadır. Yalnız onun ətrafındakı "Ölüm eskadron"nu savaşa gedəcək ki, onların da sayı minə yaxındır. Kadırov da həmin şəxslərdən maksimum 150-200 nəfərini göndərəcək. Təbii, bu say yetərlidir ki, çeçenlər haqqında mənfi fikirlər səslənsin. Bu metoddan Abxaziya müharibəsində də məharətlə istifadə olundu, gürcülər bu günə qədər də bizə düşmən gözündə baxırlar. Dəqiq bilirəm ki, Abxaziya savaşında hələ o vaxtlar Rusiya kəşfiyyatı ilə əməkdaşlıq etmiş Şamil Basayevin başında 150 nəfər vuruşurdu. Bu rəqəm bəs etdi ki, dünyaya müharibəni çeçenlərin udduğunu desinlər. Eyni ssenari hazırda Ukrayna üçün də cızılır. Amma inanın ki, əgər Ukrayna rəhbərliyi çağırış etsə, Avropa ölkələrindən on minlərlə çeçen könüllü dost xalqın tərəfində işğalçı Rusiyaya qarşı savaşmağa hazır olduğunu bildirəcək".

AzNews.az
Bağla X