17:46
(077) 610-22-33

İran İŞİD-i əzmək üçün İraqa girdi

  • >
863 18 Avqust 2014 07:17 | Dünya

Terrorçuların türkmənlərin də yaşadığı şiə bölgələrinə üz tutması Tehranın səbir kasasını daşırdı; Türkiyənin tərəddüd elədiyi addımı cənub qonşumuz atdı...


"İran şiə bölgələrini İŞİD terrorçularından mühafizə etmək üçün sözügedən ərazilərə qoşun yeridib ABŞ və İraq ordusunun birgə əməliyyatlarından sonra kürd bölgələrindən sıxışdırılıb çıxarılan terrorçular İraqın şiələr və türkmənlər yaşayan ərazilərə üz tutduğundan İran ötən gecə sübh çağı rəsmi olaraq İraqın Hanəkin vilayətinə qoşun yeridib (axar.az).

Bölgəyə zirehli qoşun birləşmələri göndərən İran rəhbərliyi bu addımın şiə əhalisinin təhlükəsizliyini təmin edilməsi üçün atıldığını bildirib. 81-ci ordu ilə İraqa girən İran silahlı qüvvələri indiyədək İŞİD-ə qarşı mübarizə üçün İraqa 130 pilotunu göndərmişdi. Beləliklə, aylardır Türkiyənin atmağa tərəddüd elədiyi bir addımı (ola bilsin səbəb həm də Türkiyə diplomatlarının girovluqda qalmasıdır) İran reallaşdırmış oldu.

Bu arada İngiltərənin baş naziri Devid Kemeron İŞİD haqqında qorxunc fikirlər söyləyib. Baş nazir hörgütün göründüyündən də təhlükəli olduğunu bildirib: "İŞİD müvəffəqiyyət qazanarsa, Aralıq dənizinin sərhədlərində bir terrorçu dövlətlə qarşı-qarşıya qalmış olacağıq. Onlar NATO üzvünə qonşu olacaqlar".

Kemeron bildirib ki, İŞİD indi məhv edilməsə, ciddi təhlükələrlə üz-üzə olacaqlar: "Onlar Türkiyə sərhədinə qədər irəliləyiblər. İordaniya və Livan üzərində də onların nəzarəti var. Bu, Avropa üçün real təhlükədir".



Terror təşkilatının gündən-günə gücləndiyini, minlərlə kilometr əraziyə nəzarət etdiyini deyən baş nazir xilafətin yaranmağa başladığını da etiraf edib: "Onlar təkcə insanların düşüncələrinə nəzarət etmir. Hazırda minlərlə kilometr ərazidə hakimiyyət qurublar. Bir müddətdən sonra İngiltərə küçələrində də biz onları görə bilərik. Son dərəcə təhlükəli bir zamandayıq".


İngiltərə hökumət başçısı çıxış yolunu dövlətlərin əməkdaşlığını gücləndirməklə konkret addım atılmasında görüb: "Terrorçuların hərəkətlərini öncədən görmək, qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir. Kəşfiyyat məlumatlarına əsasən onların hər addımı izlənilməlidir".

Baş nazir bu mövzuda ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsini də vacib sayıb: "Vahid təhlükəyə qarşı İngiltərə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İran kimi ölkələrlə əməkdaşlıq etməlidir. Prinsipial siyasəti bir kənara atmaq lazımdır".

musavat.com
Bağla X