08:28
(077) 610-22-33

Fransanın keçmiş baş naziri saxlanıldı

  • >
413 12 Sentyabr 2012 11:34 | Dünya

Fransanın keçmiş baş naziri Dominik de Vilpen fırıldaqçılıqla bağlı iş üzrə dindirilmədən sonra Paris polisi tərəfindən saxlanılıb. Bu barədə İTAR-TASS yerli KİV-ə istinadən xəbər verir. "Dominik de Vilpen çərşənbə axşamı səhər nəzarət altına götürülüb. O, 16-cı dairədə yerləşən Paris jandarmeriyasında saxlanılır", - "Le Mond" qəzeti yazır.

Keçmiş baş nazir "Relais&Châteaux" qrupu ətrafında yaranan qalmaqalda özünün iştirakı barədə məlumat vermək üçün jandarmeriyaya çağırılıb. Qeyd edək ki, 1954-cü ildə Fransada yaradılan bu assosiasiya dünyanın 60-dan çox ölkəsində 500-dən artıq restoran və mehmanxananı birləşdirir.

Xatırladaq ki, 2011-ci ilin noyabrında Strasburq jandarmeriyası de Vilpenini yaxın dostu, "Relais&Châteaux"-in keçmiş rəhbəri Reji Bulonu həbs etmişdi. Ona qarşı "mütəşəkkil cinayətkar qrupun tərkibində fırıldaqçılıq" ittihamı irəli sürülüb. İstintaqın məlumatına görə, gizli komission ödənişlər sistemi sayəsində Bulo 2002-ci ildən 2008-ci ilədək 1,6 milyon avroya yaxın vəsait oğurlayıb.

"Le Mond" qəzetinin yazdığına görə, Paris müstəntiqlərini 2005-2007-ci illərdə baş nazir postunu tutmuş de Vilpenin öz dostuna cəzalanmadan qaçması üçün hansı köməyi göstərdiyi maraqlandırır. Bu yaxınlarda Vilpenlə Bulo arasında telefon danışığı aşkara çıxıb. Söhbət zamanı Matinyon sarayının keçmiş sahibi Bulonun fırıldaqlarından xəbərdar olan "Relais&Châteaux"-in yeni rəhbərliyini polisə müraciət etməməyə məcbur etməsilə lovğalanırmış.

"Onları təsəvvür etdiklərindən on dəfə çox qorxutdum", - de Vilpen deyirmiş. Bir müddət əvvəl isə de Vilpen bu işlə heç əlaqəsi olmadığını bəyan edib. Qeyd etmək lazımdır ki, bu ilin yayında Bulo yeddi aylıq həbsdən sonra azadlığa buraxılıb.

AzNews.az
Bağla X