22:37
(077) 610-22-33

Ərəb köçkünlər Türkiyədə sosial fəlakət yaratmaqdadır

  • >
1 008 19 Avqust 2014 17:14 | Dünya

Qaziantepdə "şular" zəhərlənib
İraq və Suriyadakı iç savaşların Türkiyədə, xüsusən sərhəd bölgələrində yaratdığı gərginlik son günlər daha da artıb. Ötən həftə Qaziantepdə Suriya köçkünlərindən birinin kirayə qaldığı evin sahibini öldürməsindən sonra yaranan dramatik durum hələ də səngimir. Avqustun 17-dən Qaziantepdə içməli su hövzəsinə suriyalıların zəhər qatması haqqında şayiə yayılması isə ortalığı bir qədər də qarışdırıb. Həyəcan içərisində olan şəhər sakinləri bu haqda rəsmi açıqlama gözləyir.

Suriyalı kirayəçinin qaziantepli ev sahibini öldürməsindən sonra küçələrə çıxan şəhər sakinləri köçkünlərin sərhəddəki çadır şəhərciyinə göndərilməsini tələb ediblər. Suriya köçkünlərinin qaldığı onlarla evə hücum edilib, əlbəyaxa davalarda onlarla insan xəsarət alıb. Situasiya polisin müdaxiləsindən sonra qismən nəzarət altında alınsa da hansısa qrupların bölgədə gərginlik yaratmaq istədikləri ortadadır. İçməli suya zəhər qatılması kimi həssas nöqtəyə vurulması da böyük ehtimalla sabitlik yox, gərginlik tərəfdarlarının qurmasıdır.

Bir həftədir xüsusi rejimdə işləyən polis onlarla suriyalı ailəni sərhəd məntəqələrinin yaxınlığındakı çadır şəhərciyinə köçürüb. Şəhərdə daha rahat şəraitdə qalmaq istəsələr də suriyalılar özləri də şəhər kənarına köçməyə meyllidir. Çünki vətənlərində yaşadıqları savaşdakı kimi, artıq burada da təhlükəsizlikdə deyillər.

Ancaq bu məsələdə suriya köçkünlərinin də suç payı az deyil. Yuxarıda qazianteplilərin səbrini daşıran ev sahibinin qətlə yetirilməsi olayından söz etdik. Bu, qaçqınların Türkiyəyə gəlişindən sonra baş verən yüzlərlə cinayətdən sadəcə biridir.



"Yeni Müsavat"ın Qazianteprdəki qaynaqlardan aldığı bilgiyə görə, şəhər təhlükəsizlik güclərinin ciddi nəzarətində olsa da, hər an sabitliyin pozulacağı ilə bağlı əndişələr var. Şəhər sakinləri əmindir ki, baş verənlərin məsuliyyəti birbaşa hökumətin üzərindədir. Çünki Suriyada iç savaş başlayandan sonra qaçqınların maneəsiz Türkiyəyə gəlməsinə şərait yaradan hökumət bu insanların yerləşdirilməsi üçün heç bir ciddi addım atmayıb – sərhəd qapıları ölüm təhlüksindən qaçanların üzünə açılıb, onlara sərhəddə çadır şəhərciklər qurulub, qaçqınlar başqa şəhərlərdə iş taparaq ailələrini humanitar zonadan Türkiyənin içərilərinə aparıb. Nəticədə 2 milyona yaxın köçkün Türkiyədə Ankara, İstanbul kimi iri şəhərlərlə yanaşı, bir çox bölgələrə səpələnib. Bu köçün ən ağır hissəsi isə təbii, sərhəddə yerləşən, savaşdan baş götürüb qaçanları ilk olaraq qəbul edən Qaziantep, Adana, Kilis, Şanlıurfa, Mardin, Kahramanmaraş kimi şəhərlərin payına düşüb.

Türklərlə ərəblər arasındakı məişət mədəniyyəti fərqlilikləri son günlər daha da artan gərginliyin ən başlıca səbəbidir. Suriyalıların şəhər mədəniyyətindən xəbərsizliyi illərdir düzən içərisində yaşayan Türkiyə əhalisini ciddi şəkildə narahat edir.



Suriyalıların Qaziantepə yeləşməsi əhalinin gündəlik həyatında ciddi sıxıntılar yaradıb. Köç gələndən sonra kriminogen durum həddən artıq gərginləşib. Hər gün şəhərin ayrı-ayrı məhəllələrində oğurluq, xuliqanlıq halları baş verir və çox zaman bu məsələlərin arxasından suriya köçkünləri çıxır. Ancaq suriyalıların qeydiyyatı aparılmadığı, daimi yaşayış yerləri olmadığı üçün bu cinayətlərin çoxu açılmamış qalır. Yaranan xaotik ortamdan əziyyət çəkən isə təbii , özlərinin və övladlarının təhlükəsizliyi üçün ciddi problemlərlə üz-üzə qalan yerli əhalidir.

Türkiyə toplumu özünün xoşgörüsü ilə qaçqın ərəblərə qucaq açsa da "mükafatı" çörəyini itirməsi olub. Qaziantep Türkiyədəki sənaye şəhərlərindən biridir. Müəssisə rəhbərləri suriyalıların çox kiçik əməkhaqqı qarşılığında iş təkliflərini havada tutur. Bu durum yüzlərlə Türkiyə vətəndaşının illərlə çalışdığı iş-gücündən olması deməkdir. Türkiyənin heç də asan olmayan həyat şərtlərində iş-gücündən əli çıxan insanların suriyalılarla kin və nifrət bəsləməsindən təbii heç nə ola bilməz.

Statistika göstərir ki, Qaziantepə gələn Suriya köçkünlərinin sayı əhalinin ümumi sayının 30 faizi qədərdir. Söhbət 270-300 min arası insandan gedir ki, 1 milyonluq əyalət şəhərinin bu qədər insanı yerləşdirməsi sadə məsələ deyil. Söhbət savaşdan qaçan pulsuz-parasız, sabah hardan çörək qazanacağı bilinməyən, şəhər həyatına uyumsuz böyük bir kütlədən gedir. Şəhərin su, enerji, yaşayış, nəqliyyat infrastrukturu bu qədər insanı yerləşdirmək üçün yetərli deyil. Son 1 ayda şəhərdə kirayə qiymətləri qalxıb. Suriyalılardan öncə 300-350 lirə olan evlərin aylıq kirayəsi 1000 lirəyə yüksəlib. Bu qiymət artımının Qaziantepdə təsir etmədiyi heç bir sahə qalmayıb. Ərzaq qiymətlərindən xidmətə qədər, hər şey bahalaşıb. Bu fərq sabit gəlirli, kirayədə yaşayan aşağı təbəqə insanların həyatını son dərəcə ağırlaşdırıb.

Qazianteplilər düşünür ki, hökumət ərəb dünyası ilə bağlı siyasətində onların xoşgörüsündən sui-istifadə edir. Türkiyənin humanistliyini dünyaya bəyan edən iqtidar yetkililəri yerli əhalinin necə bir humanitar böhrana sürükləndiyinə göz yumur, bir ucdan yeni köçlərə qapı açır. Əhalinin hökumətə çözüm təklifi də var.



Qazianteplilərin fikrincə, hökumət ilk olaraq ərazini fəlakət bölgəsi elan etməlidir. Ardınca ucuz işçi qüvvəsinə görə iş yerlərini itirmək məcburiyyətində qalan insanlara kompensasiya ödənməli, kriminal olaylara qarışan suriyalılar üçün şəhər kənarında çadır şəhərcikləri salınmalı, köçkünlər istisnasız olaraq qeydiyyata alınmalı, onlara müvəqqəti pasport verilməli, rəsmi qurumlar onların işlə təmin edilməsi üzrə xüsusi proqram hazırlamalıdır.

Hələlik bu təkliflər iqtidarın masasına yatırılmayıb - yerli sakinlər millət vəkillərinin bu durumu parlament gündəminə daşıyacağına ümid edir. 10 avqust prezident seçkisindən sonra yenidən şəkillənəcək iqtidarın ərəb dünyası ilə bağlı illərdir davam edən siyasəti inkişaf etdirəcəyi isə şübhə doğurmur.

Son zamanlar oxşar durumlar paytaxt Ankarada, Türkiyənin ikinci şəhəri olan İstanbulda da müşahidə olunur. Şəhərlərdə ərəb köçkünlərinin sayı kimi,yerlilərin narazı davranışları da artır.

Əslində bu durum öncədən proqnozlaşdırılırdı. Türkiyənin ərəb dünyasından gələn köçü qəbul etməsini humanist prinsiplər açısından təqdir edənlər belə həyatları darmadağın olan, savaşla ciddi psixoloji problemləri yaranan, işsiz-gücsüz, pulsuz insanların Türkiyə toplumu ilə mümkün qədər məsafədə saxlanmasını məsləhət görürdülər. Azərbaycan praktikası da göstərir ki, köç hətta eyni ölkənin içərisində yaşansa belə, yerli əhali ilə gəlmələr arasında uyum bir müddət sonra yaranır. Bu gün Türkiyədə yaşananlar iqtidarın bu xəbərdarlıqlara qətiyyən məhəl qoymadığını göstərir.

AzNews.az
Bağla X