NATO-nun Baş katibi: “Rusiyaya olan inam və etibar qalmayıb”


Şimali Atlantika Alyansının (NATO) Baş katibi Andres Foq Rasmussen səlahiyyət müddətinin başa çatması ilə bağlı Almaniya mediasına müsahibə verib.

AzNews.az-ın məlumatına görə, Rusiya ilə münasibətlərə toxunan Rasmussen bu ölkənin rəhbərliyini tənqid edib.

O bildirib ki, Rusiya hərbi qüvvələrinin Ukrayna ərazisinə daxil olduğu aydın və açıq şəkildə bəlli olub: "Rusiyanın Ukraynanın cənub-şərq bölgəsinə silah və döyüşçülər göndərdiyini gördük. Biz onu da müşahidə etdik ki, Rusiya güclü şəkildə Ukraynadakı gərginliyi alovlandırmağa çalışır və bunun üçün silahlı separatçılara dəstək verir. Yalnız bir şey aydındır: ruslar hərbi müdaxilə də daxil olmaqla bütün variantları nəzərdən keçirdirlər".

Rasmussenin sözlərinə görə, bütün bunlardan sonra Ukraynanın Rusiyaya olan inamı və etibarı qalmayıb: "Rusiya ikinci dünya müharibəsindən sonra verdiyi bütün sözləri kənara ataraq, təhlükəsizlik qaydalarını pozdu. Artıq Avropa yeni təhlükəsilik qaydaları haqda düşünməlidir".

Baş katib deyib ki, NATO-nun qarşıdan gələn sammitində baş verən təhlükəyə daha tez reaksiya verilməsi məsələsi ciddi müzakirə olunacaq və müvafiq qərarlar veriləcək.

O bildirib ki, NATO prinsipial şəkildə Ukrayna Ordusunun yenidən qurulması və modernləşdirilməsinə dəstək verə bilər. Rasmussen əlavə edib ki, bu dəstək yalnız müdafiə və təhlükəsizlik sahəsinə aiddir.

Məhəmməd
AzNews.az