10:12
(077) 610-22-33

Ukraynada öldürülən rus əsgərləri gizli dəfn edilir - FOTOLAR

  • >
1 217 28 Avqust 2014 15:09 | Dünya

Ukraynanın şərq bölgələrində anti-terror əməliyyatı başladıqdan sonra demək olar ki, hər gün Rusiyanın həmin separatçıları silahlandırması və canlı qüvvə ilə təmin etməsi barədə məlumatlar yer alırdı. Lakin rəsmi Moskva hər dəfə bu iddiaları inadkarlıqla rədd edirdi və münaqişəni Ukraynanın daxili işi adlandırırdı. İstənilən sirrin əvvəl-axır aşkara çıxması həqiqəti bu dəfə də özünü göstərdi. Öncə Ukrayna xüsusi xidmət orqanları ölkə ərazisinə Rusiyanın Rostov vilayətindən qanunsuz daxil olmuş zirehli maşını və 10 desantçını həbs etdi. Ardınca isə Rusiyanın müxtəlif vilayətlərində Ukraynadakı döyüşlərdə həlak olmuş hərbçilərin gizli dəfn mərasimləri keçirilməyə başlandı.

Modern.az-ın məlumatına görə, ilk olaraq "Dojd" telekanalı və "Pskovskaya Quberniya" qəzetləri Pskov vilayətinin Vıbutı kəndi yaxınlığındakı məzarlqda Rusiya Hava Desant Qoşunlarının 76-cı Çerniqov diviziyasının iki hərbi qulluqçusunun - Leonid Kiçatkin və Aleksandr Osipovun gizli dəfn mərasiminin keçirildiyini işıqlandırdı. Onların baş daşında həlak olduqları tarix kimi müvafiq olaraq 19 və 20 avqust göstərilib. Vəzifə borclarını yerinə yetirən ləyaqətli rus jurnalistləri həmin məzarların fotolarını çəkərək hakimiyyətin hər cəhdlə gizli saxlamaq istədikləri acı gerçəkliyi ictimailəşdirməyə nail olublar. Lakin hadisə yerindən qayıdan jurnalistlər naməlum şəxslərin hücumuna məruz qalıblar. Bununla belə, Rusiya Müdafiə Nazilriyi faktla bağlı açıqlama verməyə məcbur olub. Qeyri-müəyyən və rabitəsiz açıqlamada 10-15 arasında desantçının poliqonda baş verən partlayış zamanı həlak olduğu iddia olunurdu. Lakin "Əsgər Anaları Komitəsi" ictimai birliyinin iddialarına görə, Rusiya ordusunun müxtəlif hərbi hissələrinin müqaviləli xidmət əsasında qulluq edən hərbçiləri Dağıstana təlim adı ilə əslində Ukraynaya göndərilir və döyüşlərdə həlak olur. Komitənin məlumatlarına görə, avqustun 9-11-i aralığında Ristovda yerləşən 18-ci moto-ataıcı briqadanın 9 hərbi qulluqçusu əslində Donetsk və Luqansk vilayətlərindəki döyüşlərdə həlak olublar.

Avqustuin 25-də Voronej vilayətində isə 76-cı Hava-Desant Qoşunlarının 76-cı diviziyasının daha bir döyüşçüsü, bölük komandiri 27 yaşlı Anton Korolenkonun dəfn mərasimi keçirilib. Hərbi komissarlıq əsgərin anası Natalya Korolenkoya övladının "xidməti vəzifəsini yerinə yetirərkən" həlak olduğunu bildirib və konkret səbəb göstərməyib.

Maqnitoqorsk şəhər sakini Alyona Kosaçenko isə Ryazan vilayətində dislokasiya olunan 137-paraşütçü-desant alayında xidmət edən oğlu Valeri Komarovun itkin düşməsi ilə bağlı jurnalistlərdən yardım istəyib. Kosaçenkonun sözlərinə görə, oğlu ilə avqustun 24-də baş tutan sonuncu telefon danışığı zamanı Valeri Komarov 50 əsgər yoldaşı ilə birlikdə müqavilə imzalanmağa məcbur edildiyini və tezliklə Ukraynaya göndəriləcəyini söyləyib.

Avqustun 26-sı axşam çağı "Dojd Tv" əməkdaşı Pskovun Vıbutı kəndində daha bir hərbçi məzarı aşkar edir. Baş daşında avqustun 18-də həlak olduğu qeyd edilən 1974-cü il təvəllüdlü Aleksey Karpenko da desantçı idi.

Paralel olaraq avqustun 26-da "Əsgər Anaları Komitəsinin" sədri Ella Polyakova Sankt-Peterburq Hərbi-Tibb Akademiyasına 100-dən artıq yaralı rus hərbçisinin gətirlidiyini bildirib. Sonradan şəhərdəki jurnalistlər də faktı təsdiqləyiblər.

Avqustun 22-də desant batalyonunda müqavilə əsasında xidmət keçən Marsel Araptanovun doğma vətəni Başqırdıstanda dəfn mərasimi keçirilib. Mərhumun yaxınlarının sözlərinə görə, Rostov şəhərinə - meyiti tanımağa gedən zaman Araptanovun tanınmaz halda olduğunu görüblər. Yalnız spesifik əlamətləri hesabına onlar öz doğmalarını tanıya biliblər. Maraqlıdır ki, hərbi hissədən Marsel Araptanovun avqustun 12-də həlak olduğunu bildirsələr də, onun ölüm xəbəri yalnız avqustun 14-də verilib. Dəfn mərasimi isə avqustun 22-də keçirilib.

Lakin bu Başqırdıstana gətirilən sonuncu tabut deyil. Başqırdıstan hərbi komissarlığı avqusutn 25-də "xidməti borucunu yerinə yetirərkən" daha bir hərbi qulluqçunun – 27 yaşlı İlnur Kilçenbayevin həlak olduğu barədə məlumat yayıb. Lakin onun cənazəsi hələlik ailəsinə təhvil verilməyib.

Şimali Qafqazda fəaliyyət göstərən jurnalist Rusiyanın bu bölgəsində də əsgər tabutlarını daşıyan ölüm karvanı maşınlarını müşahidə etdiklərini bildirib.

"Əsgər Anaları Komitəsi"nin sədri Ella Polyakova "Dojd" telekanalına açıqlamasında Dağıstan və Çeçenistanda xidmət edən müqaviləli hərbi qulluqçuların 250 min rubl qarşılığında Şərqi Ukraynaya göndərildiyini bəyan edib. Onun məlumatına görə, döyüş bölgəsinə göndərilən 400 şimali qafqazlıdan 224-ü artıq həlak olub. Şübhə oyatmamaq üçün hərbi qululqçular döyüş bölgəsinə göndərilməzdən öncə ordudan təxris ediliblər. Jurnalistlər Dağıstanın Şaqada kəndində həlak olanların kütləvi dəfni ilə bağlı bütün giriş-çıxışların bağlandığın bildirmişdilər.

Rəsmi Moskvanın inkar taktikasına baxmayaraq, əminliklə bildirmək olar ki, son günlərdə Rusiyanın bütün bölgələrini əhatə edən hərbçi dəfnləri ölkənin Ukrayna böhranında aktiv iştirak etdiyin sübut edir. İstər Qərb ölkələrinin kəşfiyyatı, istər Ukrayan Təhlükəsizlik Xidmətinin yaydığı məlumatlar, istərsə də azsaylı müstəqil rusiyalı reportyorların ortaya qoyduğu faktlar bu acı gerçəyi danılmaz edir.

AzNews.az
Bağla X