Bu gün İstanbulu fəth edən Fateh Sultan Mehmetin ad günüdür. Bu gün İstanbulu fəth edən Fateh Sultan Mehmetin ad günüdür.

Peyğəmbərin müjdələdiyi sərkərdənin bu gün ad günüdü

Bu gün İstanbulu fəth edən Fateh Sultan Mehmetin ad günüdür.



O, 1432-ci ildə mart ayının 30-da dünyaya gəlib.

Mehmet 1444-1446 və 1451-1481-ci illər tarixində Osmanlı İmperiyasının Sultanı olub.

Onun tək istəyi əcdadı Sultan Bəyazidin həyata keçirmək istədiyi, ancaq nail olmadığı bir işin öhdəsindən gəlmək idi. Hələ Manisada ikən Sultan Mehmetin bütün fikri Konstantinopolun fəthinə yönəlmişdi. I Sultan Muradın vaxtından Osmanlı torpaqları içində bir ada kimi qalan Bizansın möhtəşəm paytaxtının fəthi bütün islam hökmdarlarının xəyalı idi. Bu, həm Avropada ticarəti tam olaraq nəzarətdə saxlamaq üçün önəmliydi, həm də peyğəmbərin müjdəsini verdiyi böyük sərkərdə olmaq Osmanlı sultanları üçün vaz keçilməz bir şərəfdi. Çünki Məhəmməd peyğəmbər hələ Bizansa Allahın elçiliyini bəyan etdiyi ilk məktubunu yazdırarkən söyləmişdi: "Bir gün, bir islam sərkərdəsi Konstantinopolu fəth edəcək. O sərkərdə Allah qatında ən böyük sərkərdə olacaq".

Hakimiyyətə gəldikdən sonra Bizans elçilərini qəbul edən Sultan Mehmet imperatora ümid verdi, buna baxmayaraq elçilər sarayı tərk etdikdən sonra Rumeli hasarının çəkilməsini əmr etdi. Avropa sahilində çəkilən bu divar boğazlardan keçən bütün gəmiləri osmanlılara xərac vermək məcburiyyəti qarşısında qoymuşdu. Bundan əvvəl boğazların Asiya hissəsində İldırım Bəyazid "Anadoluhasar"ı çəkdirmişdi. Rumeli hasarı 6 min işçi tərəfindən 2 aya inşa olundu və hasarın inşası Bizans imperatorunda dəhşətli təşviş yaratdı. Tək Bizans imperatoru deyil, həmin vaxtlarda Aralıq dənizinə hökm edən və Avropa ticarətinə nəzarət edən Genuya və Venetsiya da ciddi narahat olmağa başlamışdı. Çünki hər iki sahildə qüllələrdə yerləşdirilən toplar asanlıqla gəmiləri vurmağa qadir idi və artıq türklərin izni olmadan boğazlardan gəmi keçə bilmirdi.

Bizans imperatoru kömək üçün Roma papasına müraciət etdi. Papa köməklik qarşılığında ortodoks Bizans kilsəsinin kotlik məzhəbinə keçməsini istədi. Xalqın və Bizans ortodoks kilsəsinin ciddi etirazına baxmayaraq imperator bu şərtləri qəbul etdi. Amma Roma papasının Qərbi Avropa dövlətlərinə çağırışı heç bir nəticə vermədi. Avropanın böyük dövlətləri üçün Bizans yad idi və Bizans kilsəsi onlara görə müsəlmanlar qədər kafirdilər. Hətta, İkinci Səlib yürüşü zamanında yol üstü Konstantinopola girən səlibçilər şəhəri yağmalamış, demək olar ki, bütün şəhər sakinlərini qılıncdan keçirmişdilər. Yalnız Səlahəddin Əyyubinin yaxınlaşması Bizansı xilas etmiş və səlibçilər şəhəri tərk edərək Yerusəlimə doğru irəliləmişdilər.

Bizansı mühasirəyə almazdan öncə Sultan Mehmet Anadoluya doğru yönəldi. Öncə Bizansın təbii müttəfiqi olan Qaraman bəyliyi təhlükəsiz hala gətirilməliydi. Osmanlı ordusu Konyaya çatanda Qaraman bəyi İbrahim bəy sülh müqaviləsi imzalanmasını istədi və bu istək qəbul olundu. Müqaviləyə əsasən Qaramanoğulları Konstantinopolun fəthində Osmanlı ordusunun yanında yer alacaqdı. Konstantinopolun fəthini başa vurduqdan sonra Fateh Mehmet Sultan yenidən Qaramana geri dönəcək, 200 ilə yaxın Osmanlı xanədanının əsas rəqibi, qorxulu röyası olan Qaraman bəyliyinə bir dəfəlik son qoyacaqdı.

Artıq Mehmetin qarşısındakı tək hədəf Konstantinopolun fəthiydi. Qaramandan geri dönən Sultan dövlət divanını toplayır. Məşvərətdə ancaq bir məsələ ilə müzakirə aparılır: Bizansın fəthi. Sədərəzəm Xəlil Paşa qətiyyətlə Bizansın fəthinə qarşı çıxır.
Paşaya görə, birinci onlar Konstantinopolu fəth edə bilməyəcəklər və bu da osmanlının bölgədəki avtoritetinə ciddi ziyan vuracaqdı. Digər tərəfdən, hətta Konstantinopol fəth edilsə belə, bundan sonra Avropa dövlətlərinin xaçlı yürüşü baş verəcək və Osmanlı böyük savaşa sürüklənəcəkdi. Bəzi tarixçilərin iddiasına görə divandan öncə Konstantinopoldan gələn elçilər paşanı ziyarət edib və ona Bizans imperatorunun hədiyyəsi olan bir balıq gətiriblər. Bu balığın qarnında xəzinə sayılacaq bir ləl-cəvahirat olduğu bildirilir.

Lələ Şəbahəddin Paşa və Zaqaros Paşa Sədərəzəm Xəlil Paşanın fikirləri ilə razılaşmadılar. Qarşıdurma son həddə çatsa da, divan Konstantinopolun mühasirəyə alınmasına qərar verdi. Taxta çıxdığı ilk gündən Konstantinopolun fəthi üçün hazırlıq görən Sultan Mehmet Anadoludakı və Ədirnədəki qüvvələrin Konstantinopola doğru hərəkət etməyi əmrini verdi. Həmin vaxt Osmanlı ordusu dünyanın ən inkişaf etmiş ordusuydu. Sultan özü top düzəldilməsində iştirak edir, yeni top layihələri hazırlayırdı. Bundan başqa o dövrün ən böyük top ustası olan macar Urban Osmanlılarla işləyirdi, o dövrün "Şah"ı adlanan ən böyük topu düzəltmişdi. Osmanlı ordusu 23 mart 1453-cü il tarixində Ədirnədən hərəkət etdi. Sultan Mehmet hələ 21 yaşına çatmamışdı.

120 minlik ordu (müxtəlif mənbələrdə say fərqlidir) aprelin 2-də Konstantinopola yaxınlaşdılar. Sultan Mehmet imperatordan şəhəri təslim etməyi istədi. 50 minlik ordusuna, Genuya və Venetsiyadan gələn köməyə, ən əsası isə Konstantinopolun keçilməz divarlarına güvənən imperator Konstantin təklifi qəbul etmədi. Konstantinopol sakinləri aprelin 6-da top səslərinə oyandılar. Şəhərə hər yerdən atəş saçılırdı.

Konstantinopolun çökməyi 53 gün sürdü. İlk hücum uğursuz oldu. Dənizdən şəhərin girişi ağır zəncirlərlə qorunduğundan Osmanlı gəmiləri gələn yardımın qarşısını ala bilmirdi. Bizans və Osmanlı donanmalarının ilk çarpışmasında isə türk donanması məğlub oldu. Bu durum Sultan Mehmeti özündən çıxardı. Sultan atını dənizə sürdü və bağıraraq gəmilərin geri çəkilməsini əmr etdi.

20 gün sonra Osmanlı ordugahında böyük bir ümidsizlik vardı. Sədrəzəm Xəlil paşanın tərəfdarlarının sayı günü-gündən artırdı. Divan məşvərəti, hətta mühasirənin qaldırılmasını təklif etsə də, Mehmet bir mənalı olaraq təklifi geri çevirdi. Sultan "Ya mən bu şəhəri alacam, ya da şəhər məni alacaq" deyərək divanı bitirdi.

Şəhəri fəth etməyin tək bir yolu vardı. Genuya və Venetsiyadan dəniz yolu ilə daxil olan köməyin qarşısını almaq və şəhəri tam mühasirəyə almaq. Bunun üçün Osmanlı gəmilərinin Haliçə keçirməyin yolu tapılmalı idi. Sultan şəhərə hücumun dayandırılmasını və ordunun istirahət etməsini əmr etdi. Bir həftəlik istirahət zamanı əsgərlər ətrafdakı ağacları qırır və tirləri indiki Dolmabaxça ilə Haliç arasındakı quru əraziyə döşəyirdilər. Qala bürclərindən bunu izləyən bizanslılar nə baş verdiyini kəsdirə bilmirdilər. Yalnız üzərinə zeytun yağı sürülmüş gəmilərin tirlərin üstü ilə Haliçə endirildiyini görəndə bizanslılar dəhşətə gəldilər. Sultan Mehmet normal insanın düşünə və reallaşdıra bilməyəcəyi bir işi həyata keçirə bilmişdi. İki günün içində 70-ə qədər gəmi Haliçə endirilmişdi. Artıq Konstantinopol heç bir yerdən ərzaq yardımı belə ala bilməyəcəkdi.

Son hücumu Zaqaros Paşa başlatdı. Türk ordusu şəhərə topların şəhər divarlarında açdıqları dəliklərdən girdi. May ayının 29-u idi. Yeniçərilər son həmləni vurmaq üçün şəhərə daxil oldular və axşama yaxın şəhərdə müqavimət aparacaq güc qalmadı. Şəhər hücumla alınmışdı və islam qaydalarına görə şəhərin yağmalanması halaldı.

Yağma 3 gün sürdü. 3 gündən sonra Fateh Sultan Mehmet şəhərə daxil oldu. Fateh atını dünya möcüzəsi olan Aya Sofiyaya sürdü. Öncə burda namaz qılıb Allaha həmd etdi. Ardınca: "Bundan sonra taxtım İstanbuldur", deyərək Aya Sofiyanın əbədiyyətə qədər məscid olaraq qalmağını buyurdu. Fatehin 21 yaşı vardı.

Sultan II Mehmet İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh adını qazanıb. Hz. Rəsulullahın (s) hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Mehmet düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı olub. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat edib. Mehmetə 1451-ci ildə İstanbulu fəth etdiyi üçün Fateh təxəllüsü verilib.
image description image description