04:46
(077) 610-22-33

“Heydər Əliyev Cənubi Qafqazı müharibədən xilas edib” – Xarkovda konfrans

  • >
1 182 11 May 2015 11:31 | Dünya

Ukraynanın Xarkov şəhərində ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan “Azərbaycanla Ukrayna arasında strateji əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konkrans keçirilib.


AzNews.az xəbər verir ki, Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən konfransda bir sıra nüfuzlu ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diplomatik korpus nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açıb.



O, qeyd edib ki, Heydər Əliyev öz zəngin təfəkkürü ilə bəşər tarixinin nadir şəxsiyyətlər salnaməsinə əbədi imza atmış dahilik simvoludur.
Ə.Salmanov müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb:
"Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Heydər Əliyev istər ölkəmizə rəhbərlik etdiyi illərdə, istərsə də SSRİ Nazirlər Kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna dövlətinin və xalqının rifah halının yüksəldilməsi istiqamətində bir çox tarixi xidmətlərə imza atıb. Ukraynada Abalon zavodunun, bir sıra metro və dəmiryol məntəqələrinin, fabrik və sənaye müəssisələrinin inşa olunması dahi Heydər Əliyevin adı ilə bağlıdır".

Çernobıl faciəsi zamanı keçmiş sovet rəhbərliyinin susduğu bir vaxtda ulu öndərin böyük riskə gedərək bu faciənin qarşısının alınmasına böyük dəstək verdiyini bildirən Ə.Salmanov 1994-cü ildə məhsul yığımı zamanı Ukrayna dövlətinin yanacaq imtahanına çəkildiyi bir zamanda da Heydər Əliyevin sədaqətli dost kimi Ukrayna xalqının yanında olduğunu tarixi faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Sonra konfrans iştirakçıları Ulu Öndərin şərəfli həyat yolunu özündə əks etdirən sənədli filmə baxmaqla, Heydər Əliyevin dünyanın siyasi səlnaməsinə bəxş etdiyi ictimai, siyasi töhfələrlə tanış olublar.
Konfransda Xarkov vilayət deputatlar şurasının sədr müavini Lyudmila Davıdova, Ukrayna Xalq Akademiyasının rektoru Yekaterina Astaxova, Ukrayna Dəmiryolu Nəqliyyatı Universitetinin rektoru Sergey Pançenko, Ukrayna Mühəndis Akademiyasının prezidenti Anatoli Vasilyev, Xarkov Milli Daxili işlər Universitetinin rektoru Sergey Qusarov, Dnepropetrovsk Vilayət Dövlət Admnistrasiyası rəhbərinin müşaviri Baris Treyqerman, Poltava şəhərindəki Azərbaycan mədəniyyət və təhsil mərkəzinin direktoru Yaşar Alxasov, diaspora rəhbərlərindən Murad Ömərov, Kifayət Cəfərova və digər elm və ictimai xadimlər geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin tək Azərbaycan üçün deyil, o cümlədən, bölgə dövlətləri və Ukrayna xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Azərbaycanın inkişaf edərək beynəlxalq arenada nüfuz sahibinə, Cənubi Qafqazda isə lider dövlətə çevrilməsinin dahi Heydər Əliyev şəxsiyyətinin adı ilə bağlı olduğunu diqqətə çatdıran alimlər, dünyanın bir çox ölkələrində baş verən müharibə və vətəndaş qarşıdurmalarına nəzər salaraq, belə bir kritik dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.






Dahi öndərin zəngin həyat yoluna nəzər salan alimlər qeyd ediblər ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələrək tək Azərbaycanı deyil, bütövlükdə Cənubi Qafqazı alovlanmaqda olan müharibə təhlükəsindən xilas edib. Bölgənin sosial, iqtisadi rifah halının inkişaf etdirilməsinə nail olub. O, həyata keçirilməsinə əfsanə kimi baxılan Avropa ilə şərqi birləşdirən energi dəhlizinin tikintisini həyatı reallığa çevirməklə dünyada ağıl və təfəkkür inqilabının növbəti salnaməsinə imza atıb. Bu baxımdan Heydər Əliyev kimi dahi şəxsiyyətlərə böyük ehtiyac duyulduğunu bildirən alimlər bir fikri xüsusi vurğulanıb ki, dünyanın elmi insitutlari, sosioloji araşdırmalar mərkəzləri Heydər Əliyevin ictimai, siyasi irsini dərindən araşdırmaqla onun elmi tətbiqi metadologiyasını hazırlamalıdırlar. Dahi Heydər Əliyevin siyasi irsinə işıq saçan elmi praktik konfrans ulu öndərin ruhuna ərmağan olaraq Azərbaycanın dövlət himninin sədaları altında başa çatıb.
Bağla X