Azərbaycan təbiətinin incisi, dağların üzük qaşı kimi əhatəyə aldığı, əsrarəngiz gözəlliklər məskəni Xınalıq... “Yeni Müsavat”ın reportyor qrupu bu dəfə Qubanın Xınalıq kəndinə üz tutub. Məlumat üçün qeyd edək ki, bu kəndin 5 min ilə yaxın yaşı var. Xınalıq kəndinin tarixi ərazisi prezidentin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Buranın hər daşı tarixi abidə hesab olunur və sakinlərə evlərini sökməyə və ya fərqli yenilik etməyə icazə verilmir. Hazırda kənddə 2000 nəfərə yaxın əhali yaşayır. 153 qədim ev hələ də qalmaqdadır... Azərbaycan təbiətinin incisi, dağların üzük qaşı kimi əhatəyə aldığı, əsrarəngiz gözəlliklər məskəni Xınalıq... “Yeni Müsavat”ın reportyor qrupu bu dəfə Qubanın Xınalıq kəndinə üz tutub. Məlumat üçün qeyd edək ki, bu kəndin 5 min ilə yaxın yaşı var. Xınalıq kəndinin tarixi ərazisi prezidentin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Buranın hər daşı tarixi abidə hesab olunur və sakinlərə evlərini sökməyə və ya fərqli yenilik etməyə icazə verilmir. Hazırda kənddə 2000 nəfərə yaxın əhali yaşayır. 153 qədim ev hələ də qalmaqdadır...

Buludların üzərindəki Xınalıqdan - Reportaj, Fotolar + Video

Azərbaycan təbiətinin incisi, dağların üzük qaşı kimi əhatəyə aldığı, əsrarəngiz gözəlliklər məskəni Xınalıq... “Yeni Müsavat”ın reportyor qrupu bu dəfə Qubanın Xınalıq kəndinə üz tutub. Məlumat üçün qeyd edək ki, bu kəndin 5 min ilə yaxın yaşı var. Xınalıq kəndinin tarixi ərazisi prezidentin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Buranın hər daşı tarixi abidə hesab olunur və sakinlərə evlərini sökməyə və ya fərqli yenilik etməyə icazə verilmir. Hazırda kənddə 2000 nəfərə yaxın əhali yaşayır. 153 qədim ev hələ də qalmaqdadır...


Yola çıxarkən anlayırıq ki, Azərbaycanın ən təhlükəli yolu sayılan, ildə bir neçə dəfə qar və uçqun səbəbindən bağlanan, sıldırımların arası ilə çəkilmiş Xınalıq yolu insanı həm mənzil başına, həm də ölümə apara bilər. İki avtomobilin yanaşı keçə bilməyəcəyi qədər dar olan, bir tərəfi dağ, bir tərəfi uçuruma baxan bu yollar sərt döngələrdən, kəskin eniş və yoxuşlardan ibarətdir. Bir anlıq diqqətsizlik avtomobilin 300 metrlik uçuruma yuvarlanması ilə nəticələnə bilər.

Yeganə müsbət məqam odur ki, ölkə başçısının göstərişindən sonra uzunluğu 60 kilometrə yaxın Quba-Xınalıq yolu başdan-başa təmir edilib, asfalt örtüyü yenilənib.
Xınalıq dəniz səviyyəsindən 2335 metr yüksəklikdə yerləşir. Yoxuş yuxarı qalxdıqca təzyiq artdığından insanın qulaqları uğuldayır, gözləri acışır. İzsiz-bucaqsız yollarda ara-sıra turistlərin və Xınalıq sakinlərinin avtomobilləri keçir. Üz-üzə gələnlər ehtiyatla kənara çəkilib bir-birinə yol verirlər.

Bu yollara baxıb düşünürsən ki, elə Xınalığı özəl qılan, toxunulmaz edən də bu yollardır. Məhz bu səbəbdən orada hələ də qədim dövrə məxsus həyat tərzi davam edir. Aylarla qar və uçqun səbəbindən bağlı qalan, ətraf dünya ilə əlaqənin kəsildiyi Xınalıqda sakinlər ibtidai icma dövründəki kimi özləri əkib, becərib, özləri yeməyə alışıblar. Sovet dövrünə qədər buradan digər kəndlərə yeganə nəqliyyat vasitəsi at olub. 1971-72-ci illərdə avtomobillərin keçə bilməyəcəyi bir yol açılıb. Sonradan 1998-ci ildə torpaq yol çəkilib. 2006-cı ildə isə yol təmir olunub, asfalt örtüyü çəkilib. Məhz bundan sonra Xınalığa turist axını başlayıb...

Xınalıqda hər şey yüz illər öncəni xatırladır. Özümüzü sehrli xalat geyinib keçmişə səyahət edən Rəşid və Zərifə kimi hiss edirik. Hava bir qədər soyuqdur. Kənd sakinləri payız fəslinə uyğun geyimdə dolaşır. Kəndin girəcəyində yarıqaranlıq, alçaq bir daxmanın üzərinə market yazılıb. İçəridə həm ərzaq məhsulları, həm də geyim əşyaları satılır. Bura kəndin yeganə ticarət obyektidir.


Evlər bir təpənin üzərində pilləli şəkildə tikilib. Damlar sadəcə torpaqla örtülüb. Tikililər isə çay daşındandır, sement əvəzinə bu yerin torpağından və samandan istifadə olunub. Bəzi evlərin iki yüz il yaşı var. Lakin hələ də istifadə olunur. Həyətlərdə yanaqları qıp-qırmızı olan kənd uşaqları gözə dəyir, maraqlı baxışlarla bizi izləyirlər.

Xınalığa turistlərin marağı böyük olduğundan onları qarşılamaq, bu tarixi məkanı gəzdirmək üçün xüsusi şəxs də ayrılıb. Kənd sakini Rəhman Sərkərov bizə və İsveçrədən gəlmiş bir ailəyə bələdçilik edir. Evlərin arası ilə yoxuşa qalxırıq. Tikililər hədsiz dərəcədə alçaqdır, xırda pəncərələr yerdən 30 santimetr hündürlükdədir. Evlərin yaxşı havalanması üçün damda kiçik bacalar qoyulub. Evlərin damı torpaq olduğundan və təpənin üzərində pilləli şəkildə tikildiyindən bir evin damı digərinin həyətidir. Yəni evin damında insanlar gəzir, qar-yağış yağır, palçıq olur, lakin sirri nədirsə bu damlar nə çökmür, nə də içəri su dammır.

Bələdçimiz Telman dayı deyir ki, evlərin damı xüsusi qaydada düzəldilib. Altdan taxta düzülüb, üstünə torpaq səpilib, yenidən bir qat taxta düşülüb və üstü torpaqla örtülüb. Hər yağış, qar yağanda evlərin üstü xüsusi hazırlanmış "katok" adlı qurğu ilə hamarlanır, öz dilləri ilə desək, katoklanır. Damda qoyulan baca isə içərini gün işığı ilə təmin etmək və havanı təmizləmək üçündür.



Sakinlərin dediyinə görə, Xınalıq torpağı həddindən artıq möhkəmdir. Burada 200-300 il yaşı olan evlər var ki, indi də istifadə olunur, dağılmayıb və zəlzələyə də davamlıdır. Səbəb isə odur ki, kəndin ətrafı 4 dağla əhatələnib. Bir tərəfində Qiblə dağı, bir tərəfində Tufan dağ, bir tərəfi Şahdağ, bir tərəfi isə Qızılqayadır. Bu dağlar Xınalığı qoruyub saxlayır. Ətrafdakı dağların bəzilərinin başı hələ də qarlıdır.



Mal təzəyi bu kəndlilər üçün qiymətlidir

Həyətlərə rezin borularla bulaq suyu çəkilib. Kənd sakinləri su sarıdan korluq çəkmirlər. Deyirlər ki, bu su həm də minerallarla zəngindir, üstəgəl, tərkibi elədir ki, qışda mənfi 30 dərəcə şaxtada belə donmur. Şaxta demişkən, 4 dağın əhatəsində olan Xınalıqda qış aylarında temperatur orta hesabla mənfi 15-20 dərəcə olur, ən maksimal həddi isə mənfi 30 dərəcədir. Bəs bu çay daşından tikilmiş daxmaları Xınalıq sakinləri necə qızdırır? Bu sualın cavabı bizi daha çox təəccübləndirir. Kəndə qaz çəkilmədiyindən qız-gəlinlər heyvanların təzəyini toplayıb, onu dördkünc və ya yumru şəkildə yapıb günün altında qurudurlar. Daha sonra evlərin divarına bitişik halda yığırlar. Demək olar ki, bütün evlərin həyətində səliqə ilə düzülmüş təzək qalaqlarına rast gəldik. Bu təzəkləri isə yay-qış sobada yandırıb həm qızınır, həm də yemək bişirirlər. Bu yetmədikdə isə ya odun toplayır, ya da pulla odun alırlar. Ancaq əsas yanacaq vasitəsi təzək hesab olunur.



73 yaşlı kənd sakini Muştağ Ağayev deyir ki, əvvəllər kəndə, ümumiyyətlə, kənardan ərzaq gəlməyib. Dağların ətəyi başdan-başa buğda zəmiləri olub. Kənd sakinləri özləri əkib, becərib yeyiblər. Çay kənarında isə su dəyirmanları olub, məhsullarını orada üyüdüb una çeviriblər. Əkinçiliyə elə də güclü maraq olmadığından hər kəs öz illik ərzaq ehtiyatını əldə edəcək qədər tərəvəz əkib. Maldarlıq isə Xınalıq sakinlərinin əzəldən bəri əsas məşğuliyyəti və gəlir yeri olub. Bu baxımdan, sürü ilə qoyun-quzu və mal-qara saxlayıblar. İndi də maldarlıqla məşğul olanlar çoxdur.

Kəndin qadınları həddindən artıq zəhmətkeşdir. Demək olar ki, kənddə kök qadın yoxdur, fiziki aktiv həyat tərzi onların gənc qızlar kimi incə qalmasına səbəb olub. Təmiz hava, fiziki iş burada orta ömür həddini da uzadıb. Xınalıqda 130 il yaşayan insanlar olub. Kəndlilərin sözlərinə görə, indi də orta ömür həddi 85-90 yaşdır.


Hökumət son illər Xınalığa xüsusi diqqət göstərir. Kənddə yeni məktəb tikilib. Xınalıq sakinlərinin təhsillə bağlı problemi yoxdur. Kənd məktəbi 11 illikdir və yetərincə savadlı şagirdlər yetişdirir. Sakinlərin sözlərinə görə, son illər qəbul imtahanlarında 650, 615, 570, 400-300 arası bal toplayan və hazırda universitetlərdə oxuyan gənclər də var.
Kənd sakinlərinin sözlərinə görə, Xınalıqda 1800-cü ildən bəri təhsil var. Kənd sakinlərinin 90 faizi savadlı olub.

Məktəbin olduğu ərazi "Yeni Xınalıq" adlanır. Yeni məhəllə qədim Xınalığın yerləşdiyi təpənin ətəyində yerləşir və artıq bir çox ailələr oraya köçüb məskən salıb. Yeni Xınalıqda evlər bir qədər müasir üslubda tikilib.

Kənd sakinləri səhiyyə baxımından isə korluq çəkir. Kənddə xəstəxana və həkim yoxdur. Yalnız bir tibb bacısı var ki, o da hazır resept əsasında müalicə edir, yəni iynə vurur. Həmin tibb bacısı həm də doğuş həkimini əvəz edir. Ağır xəstələr və ya problemli doğuş olanda Qubanın mərkəzi xəstəxanasına aparırlar.



Elektrik enerjisi, telefon, mobil rabitə, televiziya, internet baxımından hazırda kənddə heç bir problem yoxdur. Əksər evlərin üzərində çanaq antenaları var. Yaşlılar məlumatlı olmasalar da, cavanlar internet resurslarından yararlana bilirlər. Lakin köhnə stereotiplər hələ də qalmaqdadır. Kəndin gənc qızları deyir ki, onlara yalnız WhatsApp-dan istifadə etməyə icazə verilir. Facebook, twitter, çatlar və digər sosial şəbəkələrdən isə ancaq oğlanlar istifadə edə bilər. Bir sözlə, facebook işlətmək qızlar üçün ayıb sayılır...
Xınalıq sakinləri öz kəndlərini "Kətiş" adlandırırlar, buranın heç yerdə eşidə bilməyəcəyiniz Xınalıq dilinə də kətiş dili deyirlər. Kəndlilər bu dilin Nuh peyğəmbərin dili olduğunu iddia edirlər. Belə ki, Xınalıq dilində deyilən bir cümlənin tərcüməsi üçün bizim dildə 5-6 cümlə qurmaq tələb olunur. Həddindən artıq lakonik dildir. Misal üçün, deyək ki, bu dildə qəndə "ınji", çörəyə "pişə", yumurtaya və ilana "qaz" deyilir. Qadın və kişi sözlərində şəxsin evli olub olmadığı da ifadə edilir. Evli kişiyə lıqıld, evli qadına isə xlimger deyilir. Qıza rişe, oğlana qada, uşağa əyəl deyirlər. Bu dildə "k" və "q" hərfləri boğazda deyilir və ərəb dilini xatırladır. Bəzən bir neçə əşya eyni sözlə ifadə olunur. Məsələn, həm sicim, həm səkkiz rəqəmi, həm də sümük "ing" adlanır.



Xınalıq turizmi



Xınalıq hazırda turistlərin ən çox maraq göstərdiyi yerlərdən biridir. Lakin yolu uzaq və təhlükəli olduğundan hər turist buraya gələ bilmir. Sakinlər deyir ki, əvvəllər Polşadan, Ukraynadan daha çox turist gəlirdisə, indi əsasən ərəb ölkələrindən və Avropadan gəlirlər. Turistlər həm də kənd sakinlərinin gəlir mənbəyidir. Qubanın kəndlərindən Xınalığa taksilər 50-60 manata turist aparıb gətirir. Xınalıqda gecələmək də mümkündür. Kənd sakinləri öz evlərində bir nəfər turisti gündəlik qidalanma da daxil olmaqla, 25-30 manata bir günlük qonaq edirlər. Qonaqlara buranın dağlarından yığılmış müalicəvi otlar da satılır. Bu sahə isə uşaqların və yeniyetmələrin "inhisarındadır".


Özü başdan-başa muzey olan Xınalığın kiçik bir tarix -etnoqrafiya muzeyi də var. Oradakı əşyaların yüzilliklərlə yaşı var. Burada kəndin qədim əlyazmaları, məişət əşyaları, qədim silahlar və sair saxlanılır. Gələn turistlərin əsas maraq göstərdiyi yerlərdən biridir. Xınalıq muzeyi dünyanın 68 ən önəmli muzeyindən biri sayılır.

Xınalıq məscidinin tarixi isə VIII əsrə dayanır. Bura kənd camaatının yeganə ibadət məkanıdır. Təəccüblüdür ki, 12 əsr yaşı olan məscidin divarlarında bir dənə də çat yoxdur, dayanıqlığını qoruyub saxlayıb.

Kənddə ikən isveçrəli turistlərlə də rastlaşdıq. Onların gördükləri mənzərəyə heyran qaldığı açıq-aşkar hiss olunurdu. Bizimlə təəssüratlarını bölüşən turistlər belə bir yerdə insanların məskən salmasına təəccübləndiklərini gizlətmədilər: "Tarixi qədimlərə dayanan bir kənddir və çox əsrarəngiz gözəlliyi var. İsveçrədə də belə dağlar var. Lakin buranın fərqi odur ki, burada insan yaşayır. Bizim dağlarda insanlar yaşamır, hamısı şəhərə köçüb. Burada, sivilizasiyadan kənarda insanların yaşaması, fərqli həyat tərzi çox təəccüblüdür".



Ümumilikdə isə son illər kəndlilər turistlərin gəlişinə öyrəşib, hətta bundan gəlir əldə etməyin yollarını da tapıblar. Xınalıq uşaqları da turistlərin gəlişinə sevinir, hətta gündəlik cib xərcliklərini də onlardan qazanırlar. Xınalıqdan ayrılarkən bu qırmızı yanaqlı, şirin balacalardan ikisi yolumuzu kəsərək onların zəhmət haqqını verməyimizi istədilər. Sən demə, kəndi gəzdiyimiz zaman ətrafımızda dolaşan balaca oğlanlar bizə bələdçilik etdiklərini düşünürmüşlər. Biz də onların bu işgüzarlığını "yandırmadan" haqlarını ödədik. Pulu alıb dərhal yaxınlıqdakı marketə qaçdılar...

Beləcə, xoş təəssüratla zamanın fövqündə olan bu əsrarəngiz kənddən ayrıldıq.