Gələn il iki Günəş, üç Ay tutulması olacaq

2013-cü ildə iki Günəş və üç Ay tutulması olacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev bildirib. Onun sözlərinə görə, ilin ilk Günəş tutulması mayın 10-da Bakı vaxtı ilə 2.27-də başlayacaq, 7.18-də bitəcək. Bu tutulma Azərbaycan ərazisindən müşahidə edilməyəcək.

İlin ikinci Günəş tutulması noyabrın 3-də baş verəcək. Bakı vaxtı ilə saat 14.06-da başlayacaq Günəş tutulması saat 18.27-də başa çatacaq. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən qismən müşahidə olunacaq. Gələn ilin ilk qismən Ay tutulması aprelin 26-da olacaq. Bakı vaxtı ilə gecə saat 00.54 dəqiqədə başlayacaq Ay tutulması saat 1.20-də başa çatacaq və Azərbaycan ərazisindən müşahidə olunacaq. İlin ikinci qismən Ay tutulması mayın 25-də səhər saat 09.00-da başlayacaq, 9.22-də bitəcək. Bu təbiət hadisəsi Azərbaycan ərazisindən görünməyəcək.

İlin sonuncu qismən Ay tutulması isə oktyabrın 19-da baş verəcək. Bakı vaxtı ilə saat 2.51-də başlayacaq Ay tutulması saat 6.48-də başa çatacaq və Azərbaycan ərazisindən müşahidə olunacaq.

AzNews.az