İsmayıllıda saxta şəxsiyyət vəsiqələri ilə pensiya alanlar ifşa edildi



Baş Prokurorluq daha bir korrupsiya faktı ilə əlaqədar məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İsmayıllı rayon sakinləri Əzizova Aybəniz Gürzalı qızı və Nadirova Şölə Həmid qızının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Müəyyən edilib ki, 1960-cı il təvəllüdlü Aybəniz Əzizova və 1961-ci il təvəllüdlü Şölə Nadirova yaşa görə əmək pensiyası almaq məqsədi ilə 2004-cü ildə İsmayıllı rayon polis şöbəsindən müvafiq olaraq 11 fevral 1954-cü il və 17 avqust 1953-cü il tarixlərdə doğulmaları barədə saxta şəxsiyyət vəsiqələri əldə ediblər.

Bundan sonra həmin vəsiqələri digər zəruri sənədlərlə birgə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə təqdim edərək Aybəniz Əzizova 7 min 257 manat, Şölə Nadirova isə 7 min 287 manat məbləğində əmək pensiyası almaqla külli miqdarda özgə əmlakını ələ keçiriblər. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az