Dövlət Xidmətinin əməkdaşı yol qəzasına düşdü

Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon-şəhər Polis Şöbəsindən məlumat verilib.

Hadisə Şəki-Yevlax yolunun 14-cü kilometrliyində qeydə alınıb. Şəki rayon sakini, 1980-cı il təvəllüdlü Məcidov Mais Məhərrəm oğlu idarə etdiyi "VAZ-2106" markalı, 85 BK 983 dövlət nömrə nişanlı avtomobili idarəetməni itirərək aşırıb.

Daha sonra avtomobil yolun kənarındakı çinar ağacına çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Oğuz şəhər sakini, 1966-cı il təvəllüdlü Şərifov Natiq Rəmiş oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Avtomobilin sürücüsü Mais Məcidov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakla bağlı Şəki RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən N. Şərifov Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin əməkdaşı olub.

AzNews.az