Saatlıda iaşə evini qəsdən yandıran şəxs polis tərəfindən saxlanılıb

Saatlıda iaşə evinin sahibi ona məxsus obyektin qəsdən yandırıldığını iddia edir.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Saatlıda yerləşən "Araz" çay evinin sahibi özü məlumat verib. Saatlı şəhər sakini 1943-cü il təvəllüdlü Sonaxanım Hüseynovanın bildirdiyinə görə, ötən gecə saat 04:00 radələrində Saatlı şəhərində yerləşən ona məxsus "Araz" çay evində yanğın törədilib.

Yanğının qəsdən törədildiyi iddia olunur. Yanğın zamanı ümumi sahəsi 150 kv.metr olan çay evinin 120 kv.metrlik dam örtüyünün yanar konstruksiyaları tam yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunsa da, obyektdəki 2 min manatdan çox məbləğdə olan avadanlıqlar tamamilə yanaraq sıradan çıxıb. Yanğın saat 04:21-də Fövqəladə Hallar Nazirliyinin Saatlı rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

İmişli rayon polis şöbəsinin baş tədqiqatçısı, polis baş leytenantı Murad Mustafayevin verdiyi məlumata görə, yanğını törədən Saatlı rayonunun Minbaşı kənd sakini 1979-cu il təvəllüdlü Əliməmmədov Samir Əliheydər oğlu hadisə yerindən qaçarkən polis tərəfindən saxlanılıb. Yanğının qəsdən törədilməsinin səbəbləri hələlik istintaqa məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az