Səməndər Rzayevin oğlunu işdən çıxartdılar - QALMAQAL

Azərbaycanın görkəmli aktyoru, Əməkdar artisti Səməndər Rzayevin oğlu Rəşid Səməndər aktyor kimi çalışdığı Akademik Milli Dram Teatrından işdən çıxarılıb. O, Modern.az saytına bildirb ki, artıq 7 aydır ki, işsiz qalıb.

Rəşid Rzayev əməkdaşımızla söhbətdə bildirib ki, onun işdən çıxarılmasına səbəb kimi teatrda məşq zamanı aktyorlarla arasında olan mübahisə göstərilib.

"İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq. Guya, mən idarəolunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70 -ci maddəsinin g bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər ki, məcəllədə belə bir bənd yoxdur".

Rəşid Səməndərin sözlərinə görə, sonuncu dəfə teatrda bir tamaşanın məşqi zamanı bir neçə aktyorla aralarında möhkəm dava-dalaş olub.

"Ondan sonra həmin insanlar teatra polis gətiriblər. Mən də izahat yazıb, evə gəlmişəm. Sonra da bəlli olur ki, məşqdə olanlara da, olmayanlara da qol çəkdirib məni işdən çıxartmaq üçün imza atdırıblar".

Aktyorun sözlərinə görə, Baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi də məsələyə müdaxilə edib, teatrın direktoru İsrafil İsrafilova zəng edib ki, bu adam niyə işdən çıxarılıb.

"O da deyib ki, Rəşid Səməndərin şüuru üstündə deyil, beyni birdən sönür və s. Necə yəni beyni sönür?
Bir kəs direktor İsrafil İsrafilovdan soruşmur ki, sən teatrı niyə bu günə qoyursan? Heç Akademik Milli Dram Teatrının tamaşasında repertuara da "Can-cana" mahnısı salarlar. Bu da onların sənətkarlıq mövqeyi".

AzNews.az