Ağdaşda 2 ay əvvəl itkin düşən həkimin qətlə yetirildiyi məlum olub

Azərbaycanın Ağdaş rayonunda iki itkin düşən şəxsin qətlə yetirildiyi məlum olub. Ağdaş rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhər sakini, 1965-ci il təvəllüdlü Elsevər Müğdət oğlu Məmmədov ötən il dekabrın 3-də saat 16:00 radələrində idarə etdiyi 10 EK 970 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını ilə evdən çıxaraq geri qayıtmayıb. Onun öz maşını ilə Qəbələ rayonu istiqamətində hərəkət etdiyi bildirilib.

İki övlad atası olan və rayonda diş həkimi kimi çalışan Elsevər Məmmədovun tapılması üçün polis əməkdaşları tərəfindən iki ay ərzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Diş həkiminə məxsus "VAZ 2106" markalı minik maşını Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dağlıq ərazidən tapılıb. Sonra müəyyən edilib ki, onu Şamaxı şəhər sakini, 1975-ci il təvəllüdlü Soltanov Vasif Əvəz oğlu və Dəmirçi kənd sakini, 1975-ci il təvəllüdlü Mürsəlov Oqtay Mürsəl oğlu birgə qətlə yetirərək meyitini Şamaxı rayonundakı dağlıq ərazidə torpağa basdırıblar.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin basdırıldığı yerdədirlər.

Qətli törədən şəxslər tutularaq istintaqa təhvil verilib. Həkimin 7 min manat borca görə qətlə yetirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az