12:50
(077) 610-22-33

“Onu tualetlərə verirlər. Çəkil get buradan ay qız” – Tağı Əhmədov

  • >
169 6 Fevral 2013 09:18 | Hadisə

Sakinlər Bakı Metropoliteininə qarşı




Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov: Basın bayıra... Cəhənnəm olun... (əlini metropolitenin qarşısına toplaşmış şikayətçi qadınlardan birinə uzadıb, onu itələyir)

Polis (reportyora qarşı) Olmaz çəkmək.

Sakit. Bir-bir danışın... (bu dəfə bu sözü Tağı Əhmədov yox, cangüdənləri deyir)

Şikayətçi: Bizim evimizin kvadratına 450 manat verirlər .

Tağı Əhmədov: 450 manat olmaz.

Şikayətçi: 450 manatdır.

Tağı Əhmədov: Bir dəqiqə, bir dəqiqə...

Bu mübahisə dünən saat 15 radələrində Bakı Metropoliteninin qarşısına yığışmış Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, 24/36 saylı məhəlləsinin sakinləri ilə idarənin rəhbəri Tağı Əhmədov arasında baş verir. Sakinlərin yaşadığı məhəllədə Metropoliten üçün depo tikiləcəyi səbəbi ilə onların evlərini tərk etməsi istənilir. Həmin məhəllələrdə məskunlaşmış 50-yə yaxın qaçqın ailəsi Mehdiabad qəsəbəsində torpaq sahəsi ilə təmin edilib. Amma 129 mənzildə yaşayan 300-dən çox ailəyə yer təklif edilmir. Onlara birbaşa kompensasiya ödənilməklə yaşadıqları evi tərk etmələri tələb olunur. Sakinlər evlərinin hər kvadrat metrinə 450-500 manat təzminat ödənildiyini deyirlər. Onlar bu pulla heç yerdə ev ala bilməyəcəklərini Metropolitenin rəhbərinə çatdırırlar.

Tağı Əhmədov isə əvvəlcə 50 nəfər yaxın şikayətçiyə "Basın bayıra... Cəhənnəm olun..." deyə qışqırsa da, daha sonra onların təkidi qarşısında geri çəkilir. O, sakinləri dinləyir və deyir ki, "Dərnəgül o biri yerlərdən fərqli olaraq sənədi olan adam üçün kompensasiyanın qiyməti tam başqadır, sənədsiz üçün tam başqa... İndi onu neçədən hesablayıblarsa, yolunuzu niyə səhv salıb bura gəlirsiniz?".

Tağı Əhmədovun cangüdənləri və Metropolitenin mühafizə xidməti çəkiliş aparmağımıza icazə vermir. Üç nəfər qarşımızda canlı sədd yaradaraq Tağı Əhmədovun şəklini çəkməyə imkan vermirlər. Onlardan bir nəfər əlini fotoaparatın obyektinə tutub, fotoaparatı bağlamağımızı tələb edir. Bu tələbə qarşı çıxdıqda o, bizi ərazidən uzaqlaşdırmağa çalışır. Biz "Tağı müəllim, işçiləriniz mətbuata təzyiq göstərir" deyə ona şikayətimizi bildirsək də, o bizim dediklərimizə məhəl qoymur. Biz israrla Tağı Əhmədovun bir addımlığında dayanıb, onun danışdıqlarını telefonun diktafonu vasitəsilə qeyd edirik.

Şikayətçilər sakitləşmir, onlar çıxılmaz vəziyyətdə qaldıqlarını T. Əhmədova deyirlər. "Bir dəqiqə imkan verin də ay anam, ay bacım... qışqır-bağırla heç nə olmur. Məsələ bundadır ki, biz buna qəti cavabdeh deyilik. Bizə dövlət nə qiymət verirsə, biz o qiymətə cavab veririk. İndi sizə neçədən hesablanır, nədən hesablanır bizə o qiymət verilir... Bu işləri görmək üçün bizə 2 milyon 650 min manat verilir. Mən bu məsələni Nazirlər Kabinetində danışa bilərəm. Özünüz bir dənə məktub yazın Maliyyə Nazirliyinə ...Qiymət bundan asılıdır, biz qiymət qoymuruq".

Bu vaxt Tağı Əhmədov şikayətçilərin əhatəsindən çıxıb maşınına tərəf gedir. Onun fotosunu çəkərkən müfahizəçilər dərhal üstümüzə gəlib, şəkili silməyimizi istəyir. "Biz deyəsən sizinlə sakit danışdıq, verin fotoaparatı" deyə əmr edir. Biz əmrə tabe olmuruq və bildirik ki, bu qəzetin mülkiyyətidir və ona toxunmaq olmaz. Səsimizi eşidən Tağı Əhmədov bizə yaxınlaşaraq hansı qəzetdən gəldiyimizi soruşur. Deyirik ki, "Bizim Yol" qəzetinin əməkdaşıyıq. """Bizim Yol" küçə qəzetidir. Onu tualetlərə verirlər. Çəkil get buradan ay qız". Tağı Əhmədov bu sözləri deyib, maşınına əyləşib, ərazidən uzaqlaşır.

Şikayətçilər isə onun maşınının arxasınca boylana-boylana qalırlar. Tağı Əhmədovun arxasınca bu şikayətləri edirlər: "Bizə qiymət kəsənlər gedir ona üzgörənlik eləyir, yerlisidir, yerlibazlıq eləyir, gedir onun damxasına 1000 manatdan pul yazır, mənim evimə 500 manatdan kompensasiya verir. Mən hökumətimdən narazıyam".

"Kvadrat var 1500 manat verirlər, başqasına 600 manatdan verilir".

"Bir xəstə yoldaşım var, 14 min manat yazıb mənə, mən o pulla neyləyəcəm?"

"Mən evin kvadratına verilən 500 manat kompensasiya ilə nə ala bilərəm?"

"Heç kimin "kupça"sı yoxdur, amma hamıya fərqli təzminat verirlər. Bu ölkədə özbaşınalıqdır. Kimin yiyəsi var ona yüksək kompensasiya verirlər, kimin yiyəsi yoxdur küçədə qalır".

"13-14 min manat elə bir tək torpağın puludur, bəs mən evi nə ilə tikim? O qədər allahsızdırlar".

"Abid Şərifov dedi ki, metropolitenin ərazisinə heç kim sənəd verə bilməz. Kimin əlində nə sənəd varsa, cırıb atsınlar. Amma camaat sökünütünü eşidən kimi hərə əlinə bir sənəd aldı bələdiyyədən. Hamısına külli miqdarda pul verdilər, saxta sənəd aldılar".
Şikayətçilər bu sözləri Tağı Əhmədov dinləmədiyinə görə bizə deyirdi. Və bir şikayətçi bizə yaxınlaşaraq, pərt olmuş halda "Xanım, Tağı müəllimin sözlərinə fikir verməyin" dedi.

"Bizim Yol" qəzeti
Bağla X