Serbiya ptezidentinin Bakıda qaldığı otağı su basıb

Dünən Azərbaycana rəsmi səfərə gələn Serbiya prezidenti Boris Tadiçin başına Bakıda gözlənilməz və kuryoz iş gəlib. Rəsmi görüş və ziyarətlərini başa çatdıran prezident axşma ziyafətindən sonra otel nömrəsində istirahət edərkən onun qaldığı lüks nömrəni su basıb. Bu barədə musavat.com-a bilgili mənbə xəbər verib.

Adının çəkilməsini istəməyən mənbə qeyd edib ki, hadisə "Azneft" meydanı yaxınlığında yerləşən "Four seasons" ("Dörd mövsüm") otelində baş verib. Buna səbəb üst mərtəbədə yerləşən daha bir lüks nömrədəki cakuzidə baş verən su sızıntısı olub. Üst nömrədə yaşayan şəxslərin səhlənkarlığından, yaxud da hansısa xırda çaplı texnogen qəzadan əmələ gələn problemə görə hörmətli qonağın istirahəti pozulub, pərtlik yaranıb.

Əldə olunan məlumata görə, tezliklə Boris Tadiçin nömrəsini dəyişblər və problemi aradan qaldırmaq üçün təcili tədbirlər görüblər.

Onu da qeyd edək ki, "Four seasons" dünyanın ən bahalı otel şəbəkələrindən olaraq beşulduzlu oteldir. Ölkəmizə qonaq gələn ən mötəbər şəxslər məhz bu oteldə qonaq edilir.

AzNews.az